İranda biri qadın olmaqla 3 azərbaycanlı fəala hökm çıxarılıb

İranda biri qadın olmaqla 3 azərbaycanlı fəala hökm çıxarılıb
# 17 mart 2012 01:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda biri qadın olmaqla 3 azərbaycanlı fəalın məhkəməsi keçirilib. APA-nın məlumatına görə, azərbaycanlı yazıçı, şairə, qadın hüquqları müdafiəçisi Fəranək Fərid və fəal Heydər Kərimi Təbriz İnqilab Məhkəməsində, Məhəmməd Əli Təqvayi isə Mərənd İnqilab Məhkəməsində mühakimə edilib. Yerli camaatı 2011-ci ilin sentyabrında Urmiya gölü ilə bağlı Təbriz şəhərində keçirilmiş kütləvi aksiyaları davam etdirməyə çağırmaqda təqsirləndirilən Fəranək Fərid ümumi asayişi pozmaqda ittiham olunaraq 91 gün azadlıqdan məhrum edilib, Urmiya gölü ilə bağlı SMS-lər göndərdiyi üçün isə hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 1 milyon tümən cərimələnib. Azərbaycanlı fəal Səccad Radmehrin Türkiyəyə qaçmasına yardım etməkdə təqsirləndirilən Heydər Kərimi isə Təbriz İnqilab Məhkəməsinin 103-cü şöbəsinin çıxardığı qərarla 6 ay azadlıqdan məhrum edilib. Mərənd İnqilab Məhkəməsinin birinci şöbəsi isə hakimiyyətin əleyhinə təbliğat aparmaqda təqsirləndirilən digər azərbaycanlı fəal Məhəmməd Əli Təqvayini 1 milyon tümən cərimələyərək evində axtarış aparılan zaman müsadirə olunmuş kitablarının və CD-lərin yandırılması haqda qərar çıxarıb.
Qeyd edək ki, Fəranək Fərid 2011-ci il sentyabrın 3-də Təbriz şəhərində Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən kütləvi etirazlar zamanı, Məhəmməd Əli Təqvayi isə 21 Azər münasibətilə Mərənd şəhərində bildirişlər yayarkən həbs olunub. Onlar bir neçə gün saxlanıldıqdan sonra zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR