Rasim Kara: “Çox güman ki, Sokolov ikinci dövrədən “Qarabağ”da oynamayacaq”

Rasim Kara: “Çox güman ki, Sokolov ikinci dövrədən “Qarabağ”da oynamayacaq”
# 14 dekabr 2006 16:09 (UTC +04:00)
“Qarabağ” Futbol Klubu türkiyəli baş məşqçi Rasim Kara ilə mövsümün sonunadək müqavilə bağlayıb. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl türkiyəli mütəxəssislə bağlanmış müqavilənin müddətinin artırılacağını istisna etməyib: “Uğur qazanmaq üçün məşqçiyə inam olmalıdır. Biz də Rasim Karaya inanırıq. Azərbaycanda bir çox klub cavan olduğu kimi, təcrübəsi də azdır. Biz peşəkar komanda yaratmaq üçün addım atırıq”. Sonra söz alan Rasim Kara ikinci dəfə Azərbaycanda çalışmaqdan məmnun olduğunu söyləyib. Futbolçularla görüşdüyünü vurğulayan təcrübəli mütəxəssis ikinci dövrədə heyətdə islahatlar aparacağını deyib: “Hədəfimiz mövsümü turnir cədvəlinin yuxarı pillələrində başa vurmaqdır. Qarşıda bizi 12 oyun gözləyir. Yaxın vaxtlarda komandanı tərk edəcək futbolçuların adları müəyyənləşəcək. Heyətə 7-8 gənc oyunçu cəlb etməyi fikirləşirik. Ola bilsin ki, “Qarabağ”a tanınmış futbolçular da çağırılsın. Onların arasında sürpriz adların olacağı istisna deyil”. R.Kara, həmçinin, bildirib ki, “Qarabağ” yanvarın 5-də Türkiyəyə yollanacaq. 20 gün Antalyada qalacaq komanda bu müddətdə 5-6 yoxlama oyunu keçirəcək. Milli komandanın müdafiəçisi Sergey Sokolovun “dopinq”də ilişməsindən xəbərdar olduğunu deyən türkiyəli çalışdırıcı, onun ikinci dövrədən “Qarabağ”da oynaya bilməyəcəyini də vurğulayıb: “Sokolovu İsveçrəyə yola salmağı fikirləşirik. UEFA-nın hansı qərar çıxaracağını bilmirəm, bununla belə, çox güman ki, Sergey ikinci dövrədən komandamda olmayacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR