Sergey Sokolov UEFA-nın dinləmələrində iştirak etmək üçün sabah İsveçrəyə yollanacaq

Sergey Sokolov UEFA-nın dinləmələrində iştirak etmək üçün sabah İsveçrəyə yollanacaq
# 19 dekabr 2006 09:50 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə oyundan sonra qanında istifadəsi qadağan olunan betametazon preparatı aşkarlanan Azərbaycan millisinin və “Qarabağ” klubunun müdafiəçisi Sergey Sokolov sabah İsveçrəyə yollanacaq. Futbolçu Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) mənzil-qərargahında Nizam-İntizam Komitəsində (NİK) qəbul etdiyi gücləndirici həblərlə bağlı dindiriləcək. Yığmamızın milliləşdirilmiş legioneri ilə yanaşı, dinləmələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) beynəlxalq şöbəsinin əməkdaşı Murad Məmmədov iştirak edəcək. APA-nın məlumatına görə, S. Sokolovla M. Məmmədovun İsveçrəyə xərcini futbolçunun şərəfini qoruduğu “Qarabağ” klubu ödəyəcək. Xatırladaq ki, oktyabrın 11-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəyinə əsasən, müdafiəçinin gücləndirici həblərdən yararlandığını iddia edən UEFA məsələ ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) məlumat verib. FİFA da öz növbəsində yığmamızın üzvünün 30 gün müddətinə bütün yarışlardan kənarlaşdırılması haqda ilkin qərar qəbul edib. S. Sokolov haqda yekun qərarın dekabrın 7-də çıxarılacağı gözlənilsə də, həmin vaxt FİFA və UEFA futbolçumuz haqda tələsik qərar çıxarmayaraq, onu UEFA-ya dəvət edib. UEFA rəsmiləri S. Sokolovla dekabrın 21-də bir araya gəlib onun istifadə etdiyi preparatlar haqda bilgi topladıqdan sonra son qərar çıxaracaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR