UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik: “Azərbaycan futbolunun sağlam vəziyyətə gəlməsində mənim böyük rolum var”

UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik: “Azərbaycan futbolunun sağlam vəziyyətə gəlməsində mənim böyük rolum var”
# 20 dekabr 2006 11:54 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) birinci vitse-prezidenti Şenes Erzik söyləyib. UEFA-nın türkiyəli rəsmisi mətbuatda Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) Türkiyə futbolunda araşdırma aparacağı haqda yayılan məlumatları təkzib edib: “FİFA-nın Türkiyə futbolunda araşdırma aparacağı haqda məlumat ancaq Türkiyə mətbuatındadır. Hal-hazırda FİFA-da belə bir xəbər yoxdur”. Ş. Erzik son zamanlar Türkiyə futbolunda müşahidə olunan geriləməyə də aydınlıq gətirib: “Futbol klublarının Avropada uğuru çox önəmlidir. Komandalar son illərdə qitə miqyaslı yarışlarda uğurlu çıxış edə bilmirlər. Bunun səbəbini telefonla anlatmaq asan deyil. Bu, geniş bir söhbətin mövzusudur. Amma son illərdə istər klubların İdarə Heyətlərində, istərsə də Futbol Federasiyasının İdarə Heyətində tez-tez keçirilən iclaslar ümumi işə mənfi təsir göstərir. Bunları bütünlüklə nəzərə almaq lazımdır. Vacib məsələ klublarda və federasiyada davamlılığı, nizam-intizamı, şəffaflığı təmin etməkdir. Həmçinin açıq siyasət yürütmək əsas şərtlərdən biridir”. Yanvarın 24-də Almaniyanın Düsseldorf şəhərində UEFA-nın rəhbər postlarına keçiriləcək seçkilərə gəlincə, Ş. Erzik dəstəkləyəcəyi namizədin adını açıqlamaqdan imtina edib: “Namizədimin adını açıqlamıram. Çünki mən UEFA prezidentinin köməkçisiyəm. Həm də, heç kim bu haqda danışmırsa, mən niyə danışmalıyam? Ümumiyyətlə, indiyədək bu haqda danışmamışam”. UEFA rəsmisi yaxın zamanlarda Azərbaycana səfər edəcəyini söyləyib: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni ofisinə köçməsindən xəbərdaram. Binanın açılış mərasiminə mən də dəvət almışam. AFFA prezidenti Ramiz Mirzəyev məndən gəlişimin tarixini dəqiqləşdirməyimi gözləyir. Böyük məmnuniyyətlə Azərbaycana gələcəyəm. Azərbaycan mənim üçün çox önəmlidir. Bu gün Azərbaycan futbolunun sağlam vəziyyətə gəlməsində mənim də böyük rolum var”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR