“Bakı” klubunun baş meneceri: “Moskvadan qayıtdıqdan sonra Rail Məlikova qarşı tədbir görülə bilər”

“Bakı” klubunun baş meneceri: “Moskvadan qayıtdıqdan sonra Rail Məlikova qarşı tədbir görülə bilər”
# 22 yanvar 2007 16:18 (UTC +04:00)
“Qırğızıstanın “Dordoy-Dinamo” komandası ilə oyunda Rail Məlikovun hərəkəti bizi razı sala bilməz. Turnirdən qayıtdıqdan sonra ona qarşı hansısa tədbir görə bilərik”. Bu sözləri APA-ya açıqlamasında hazırda Moskvada keçirilən MDB və Baltikyanı ölkələrin çempionlarının kuboku turnirində iştirak edən “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Qalmaqalda müdafiəçinin günahı olduğunu bildirən klub rəsmisinin sözlərinə görə, R. Məlikov rəqibə cavab verməməli idi: “Rail rəqiblə dalaşmalı deyildi və qarşıdakı oyunlarımızı nəzərə almalıydı”. Turnirdə təşkilatçılığın səviyyəsini normal qiymətləndirən Z. Məmmədov yarışla bağlı heç bir şikayətləri olmadığını söyləyib. Baş menecer “Dordoy-Dinamo” üzərindəki 2:0 hesablı qələbə qazandıqları matçdan sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyevin onları şəxsən təbrik etdiyini bildirib. Ümumilikdə “Bakı”nın çıxışından razı qalan klub rəsmisi sabah “Levadiya” ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib: “Komandamız bəzi oyunlarda yaxşı, bəzilərində pis çıxış edir. Amma “Bakı”nın imkanları qrup mərhələsini keçməyə çatır. “Levadiya” heç də “Bakı”dan zəif komanda deyil. Hər iki komandanın imkanları bərabərdir. Lakin bizə qələbə daha çox lazımdır. Çalışacağıq ki, bu işin öhdəsindən gələk”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR