Bank Of Baku

Sabah UEFA İcraiyyə Komitəsinə seçkilər keçiriləcək

Sabah UEFA İcraiyyə Komitəsinə seçkilər keçiriləcək
# 24 yanvar 2007 15:56 (UTC +04:00)
Bu gün Almaniyanın Düsseldorf şəhərində Avropa Futbol Federasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin (İK) iclası öz işinə başlayıb. Lennart Yuhanssonun sədrliyi ilə UEFA-nın rəhbər orqanı bu gün və sabah təşkilatın XXXI Konqresi ərəfəsində bir araya gəlib. “APA-Sport”un məlumatına görə, Konqres çərçivəsində UEFA İK-yə seçkilər keçiriləcək. Qarşıdakı seçkilərdə 2007-2011-ci illərədək İK-nın altı yeni üzvü seçiləcək. Səlahiyyət müddəti bitən altı İK üzvündən biri - Mişel Platini UEFA prezidenti seçilmək uğrunda mübarizə aparacaq. Digər beş üzv - Şenes Erzik (Türkiyə), Angel Maria Villar Lona (İspaniya), Eggert Maqnusson (İslandiya), Jozef Mifsud (Malta) və Giangiorgio Şpiess (İsveçrə) əvvəlki statuslarında qalmaq üçün namizədliklərini irəli sürüblər. Onlarla yanaşı, səkkiz yeni namizəd - Jilberto Parka Madail (Portuqaliya), Qriqori Surkis (Ukrayna), Rahat Əliyev (Qazaxıstan), Tomas Gea (Andorra), Frantisek Laurinets (Slovakiya), Liutauras Varanaviçyus (Litva), Vlatko Markoviç (Xorvatiya) və Mirça Sandu (Rumıniya) da İK üzvlüyünə iddialıdır. İK-də habelə yanvarın 19-da İsveçrənin Nyon şəhərində keçirilmiş strateji inkişaf üzrə yeni Forumun ilk iclasının yekunları dinləniləcək. Bu orqan UEFA və Avropanın futbol təşkilatları arasında dialoq və sıx əməkdaşlığı genişləndirmək üçün yaradılıb. UEFA-nın icraçı direktoru Lars-Krister Olssonun sözlərinə görə, liqalar, klublar və UEFA vitse-prezidentlərinin təmsil olunduqları forumun strukturu futbol ictimaiyyətinin nümayəndələrinə İK ilə birbaşa təmasda olmaq imkanı verir: “Bu forumda konsensusa gələ bilsək, UEFA Konqresi və İK-nın hamını qane edən qərarlar qəbul edəcəyi ehtimalı artacaq”. Top Executive Programme (Yüksək təbəqə rəhbərləri üçün Proqram) layihəsinə də diqqət ayrılacaq. Milli Assosiasiyalar, onların təmsilçiləri və UEFA arasında münasibətlərin möhkəmlənməsinə yönəlmiş və 2005-ci ildə işə düşən proqramın məqsədi qərar qəbulu prosesində Milli Assosiasiyaların inzibati orqanlarının əməkdaşlarına kömək etməkdir. UEFA-nın Milli Assosiasiyalar şöbəsinin rəhbərlik etdiyi Proqram çərçivəsində verilənlər bazası, dəyirmi masa ətrafında diskussiyalar və məsləhətləşmələr yolu ilə informasiyaların toplanılması və istifadə olunması nəzərdə tutulub. İclasın gündəliyinə 2008-ci il Avropa çempionatının kommersiya aspektləri və kütləvi futbolun inkişafı üzrə məsələlər daxil edilib. Konqres yanvarın 26-da yeni UEFA prezidenti seçkisi ilə yekunlaşacaq. Qeyd edək ki, UEFA prezidentliyi postuna hazırkı prezidenti Lennart Yuhansson (İsveç) və UEFA İcraiyyə Komitəsinin üzvü Mişel Platini (Fransa) namizəddir. /APA-sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR