Bank Of Baku

Şahin Diniyev: “Bir qrup futbolçu milli komandanı özləri arzuladığı kimi görmək istəyir”

Şahin Diniyev: “Bir qrup futbolçu milli komandanı özləri arzuladığı kimi görmək istəyir”
# 26 yanvar 2007 16:10 (UTC +04:00)
“Hesab edirəm ki, futbolçu ilə məşqçinin baxışları üst-üstə düşməlidir. Əgər belə deyilsə, komandada ya məşqçi, ya da futbolçu qalmalıdır. Futbolçunun işi meydanda mübarizə aparmaqdır. Əgər kimsə yığmaya gəlib heyət müəyyənləşdirmək istəyirsə, kənarda qalacaq”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev bildirib. Onun sözlərinə görə, komandaya hansısa futbolçunu dəvət etmək baş məşqçinin səlahiyyətinə aiddir. Ş. Diniyev bəzi futbolçuların milliyə dəvət olunmamalarını iki səbəblə əlaqələndirib: “Birincisi, çalışdırıcının taktikasına uyğun gəlmirlər və ya formada deyillər. İkincisi, həmin futbolçular milli komandanın hazırkı strategiyasını bəyənmirlər”. Baş məşqçi “Neftçi” klubunun üzvləri Zaur Tağızadə və Rəşad Sadıqovun millidən kənarda qalmasını belə izah edib: “Tağızadə ideal formada deyil. Digər tərəfdən, bir qrup futbolçu yığmanı özləri arzuladığı kimi görmək istəyir. Onda baş məşqçi nəyə lazımdır? Futbolçunun işi oynamaqdır. Bəziləri var ki, bununla razılaşmır. Konkret olaraq, həmin şəxslər milli komanda və baş məşqçi haqda mətbuatda xoşagəlməz fikirlər səsləndirirlər. Əgər yığmanı bəyənmirlərsə, onların bu komandada qalmaları qeyri-mümkündür”. AFFA-nın rəsmi internet səhifəsinə verdiyi müsahibəsində, atdığı bu addımı ilə Azərbaycan futbolunun heç nəyi itirməyəcəyini qeyd edən Ş.Diniyevin sözlərinə görə, millimiz 14 illik tarixi ərzində ciddi uğur qazanmadığından, sistemi kökündən dəyişmək lazımdır. Fevralın 7-də yoldaşlıq görüşündə qarşılaşacağımız Özbəkistanı millimizdən qat-qat güclü hesab edən baş məşqçi fikirlərini Özbəkistanın FİFA-nın reytinq cədvəlində 45-ci pillədə qərarlaşması ilə əsaslandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR