Bank Of Baku

Toğrul Hacıyev: “AFFA-da vergidən yayınma halları baş verir”

Toğrul Hacıyev: “AFFA-da vergidən yayınma halları baş verir”
# 02 fevral 2007 11:50 (UTC +04:00)
“AFFA rəhbərliyi “Şəfa” stadionunu çoxdan satıb. Onlar 2004-cü ildə Azərbaycan Beynəlxalq Bankından 12 milyard manat məbləğində kredit götürüblər. Məndə olan məlumata görə, federasiya başçıları götürdükləri kreditin əvəzinə “Şəfa” stadionunu girov qoyublar”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq vitse-prezidenti Toğrul Hacıyev bildirib. “Şəfa” stadionunun uzun müddətə icarəyə verilməsini qanuna zidd olduğunu söyləyən T.Hacıyev AFFA-nın vergidən yayındığını iddia edib: “Bu stadionun ayda 20 min dollara icarəyə verilməsi mümkün deyil. Stadionu 15 il müddətinə icarəyə vermək səlahiyyətini federasiya rəhbərlərinə kim verib? AFFA rəhbərliyi bununla qanuna zidd işlər görür. Vergidən yayınma halları baş verir. 250 min dollara görə, gənc futbolçularımız, yığma komandalarımız futbolsuz qalmalıdırlar? Bəs, “Het-Trik”, “Qol” proqramı çərçivəsində gələn pullar hara xərclənib?” “Şəfa” stadionunun icarəyə verilməsilə böyük cinayət əməlinə yol verildiyini vurğulayan T. Hacıyev buna görə lazımi instansiyalara müraciət edəcəyini söyləyib. T.Hacıyev ilin sonunda federasiya başçılarının hesabat vermələrinin vacibliyini qeyd edib: “Ramiz Mirzəyevlə baş katib Fuad Əsədov istefa verməlidirlər. Onların gördükləri bütün işlərin səviyyəsi sıfırdan da aşağı olub. Amma fikrimcə, 10 ay da gözləmək lazımdır. İstərdim ki, vəzifələrində qalıb dekabrda keçiriləcək konfransda dörd il ərzində gördüklərinin hesabatını versinlər”.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev isə “APA-Sport”a verdiyi açıqlamasında T.Hacıyevin ittihamlarını əsassız adlandırıb və FİFA baş katibinin müavini Jepom Şampanın 5 may 2003 tarixli məktubuna əsasən, “Şəfa” stadionunun AFFA-nın mülkiyyəti olduğunu bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR