Bank Of Baku

Fuad Musayev: “Ermənistanın futbol yığmasını Azərbaycanda qəbul etmək qəbahət deyil”

Fuad Musayev: “Ermənistanın futbol yığmasını Azərbaycanda qəbul etmək qəbahət deyil”
# 07 fevral 2007 10:36 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq prezidenti Fuad Musayevin “APA-Sport” agentliyinə eksklüziv müsahibəsi

- Siz AFFA prezidentliyindən gedəndən sonra Azərbaycan futbolunda hansı dəyişikliklər baş verib?
- Hazırda futbolumuz yaxşı vəziyyətdə deyil. Nə istəyirlər, onu da edirlər. Hökumət, Gənclər və İdman Nazirliyi susur. Bir dəfə Ramiz Mirzəyevə kömək etməyə hazır olduğumu söyləmişdim, amma Ramiz Mirzəyevin reaksiyası çox əsəbi oldu. SSRİ-nin vaxtında Mərkəzi Komitənin birinci katibi futbolla məşğul idi. 1980-ci illərdə “Neftçi” ilə mən məşğul olurdum. İndi isə özbaşına qərarlar qəbul edirlər. Soruşan yoxdur ki, milli komanda niyə uduzur? 2003-cü ildən yığmanın 8-9 səviyyəli, yaxşı formada olan futbolçuları niyə milliyə cəlb olunmur? Məgər, onlar pis oynayırlar? Mahmud Qurbanov, Emin Quliyev, Aftandil Hacıyev, Rəşad Sadıqov, Zaur Tağızadə, Fərrux İsmayılov indi millidə çıxış edənlərdən güclüdürlər.
- Amma adlarını çəkdiyiniz futbolçulardan bəziləri yığma daxilində təxribat törətməkdə günahlandırılırlar...
- Milli komandada qəsdən uduzmağa çıxan olar? Belə şey kimin ağlına gələr? Ancaq bizim dövrümüzdə çoxlu təxribatlar vardı. Futbolçuları milli komandaya buraxmırdılar. Millinin uduzmağını istəyənlər çox idi. Komanda məğlub olan kimi, düşürdülər Fuad Musayevin üstünə. Milli komanda Diniyevin deyil, xalqındır. Yığmaya görə, ömrümün 10 ilini itirdim. Hər gün millinin üzvləri ilə bir yerdə olurdum. Futbolçuların mentalitetinə, yaşayış tərzinə bələd idim. Belə futbolçular necə təxribat apara bilərlər? Bunların hamısı boş söhbətlərdir.
- Hazırkı Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?
- Xeyr, milli çempionat 1997-ci ildə bundan güclü idi. Azərbaycana futbolçuların 70-80 %-ni Gəncə verib. Amma bu gün Gəncə kimi ölkənin ikinci ən böyük şəhəri çempionatda təmsil olunmur. “Karvan” klubu 10 legionerlə Azərbaycan futboluna nə verir? İspaniyanın milli komandası niyə nəticə göstərə bilmir? Çünki çempionatlarında legionerlər oynayır. Öz futbolçuları artmır.
- Legioner limiti ilə bağlı qərarı dəstəkləyirsiniz?
- Bəli, düzgün qərardır, sadəcə yeni deyil. Hələ 1992-ci ildə qərar qəbul etmişdik ki, klublarda 3 legioner oynaya bilər. Amma klubların legioner gətirməyə pulları yox idi. İndi isə birdən-birə klublarla söhbət etməmiş qərar qəbul etdilər. Klublar FİFA-ya şikayət etsəydilər, AFFA cəzalandırıla bilərdi. Çünki klublar bütün legionerlərlə müqavilə bağlayıb, onlara pul verib. Bu qərarı 2008-ci ildən qüvvəyə mindirmək lazım idi ki, klublar da lazımi hazırlıq görərdilər.
- Legionerlərin milliləşdirilməsinə necə baxırsınız?
- 1994, 1995-ci illərdə də milli komandamızda legioner var idi. SSRİ dağılandan sonra FİFA prezidenti Yozef Blatter bütün postsovet ölkələrindən olan oyunçulara yığma komanda seçimində sərbəstlik verdi. Qərar çıxarılmışdı ki, kim hansı ölkənin yığmasında oynayacaqsa, sonadək həmin ölkədə qalacaq. Deni Qaysumov, Narvik Sırxayev də bu səbəbdən millimizdə oynadılar. İndi isə legionerləri milliləşdirirlər. Halbuki, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Səbəbi Dağlıq Qarabağ problemidir. İkili vətəndaşlıq olsa, sabah Qarabağdakı ermənilər Ermənistan vətəndaşlığını qəbul edə bilərlər. Konstitusiyaya görə, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxs ilk növbədə əvvəlki ölkəsinin vətəndaşlığından çıxmalıdır. Bundan sonra Daxili İşlər Nazirliyinə sənədlərini verməlidir ki, ölkəsinin vətəndaşlığından imtina edib. Sonra Azərbaycan vətəndaşlığına qəbul edilməsi xahişi ilə ərizə yazmalıdır. Bundan sonra 5 il Azərbaycanda yaşamalıdır. Yalnız bütün bunlardan sonra Azərbaycan vətəndaşlığı qəbul edilib-edilməməyinə baxıla bilər.
- AFFA rəhbərliyinə son seçkilərdən xeyli əvvəl istefa verdiyiniz barədə söhbətlər gəzirdi...
- Mən hələ 1999-cu ildə istefa ərizəsi yazmışdım. Həmin vaxt “Turan” və “ANS-Pivani” klublarına güzəştə gedib çempionata buraxdım. Bununla bağlı baş prokuror Eldar Həsənovla 4 saat söhbət etdik. İqtisad Məhkəməsinin “Turan” və “ANS-Pivani” klublarının çempionata bərpa olunması barədə qəbul etdiyi qərarın ləğv olunmasını istəyirdim. Dedim ki, sabah İK-nın iclası keçiriləcək və toplantıya qatılmayacağam. Eldar Həsənov isə dedi ki, iclasda iştirak etməsəniz, klubları çempionata bərpa etməyəcəklər. Mən də dedim edəcəklər. İK-nə məktub yazdım bildirdim ki, futbolun inkişafı naminə istefa verirəm. Xahiş edirəm ki, istefamı qəbul edəsiniz. Lakin sabiq baş katib Çingiz İsmayılov məktubda yazılanları sonadək oxumadı. Yəni istefa verdiyimi İk üzvlərinə çatdırmadı. Mən 2 gün işə getməsəm də, istefamı qəbul etmədilər.
- Sizin xarici banklarda külli miqdarda vəsaitiniz olduğu bildirilir...
- Bütün dünyanın banklarını yoxlatdırdılar. Özlərini də, məni də biabır etdilər. Yazırdılar ki, banklarda 47 milyon dollarım var. Niyə indi demirlər? 1996-cı ildən 2003-cü ilədək AFFA büdcəsinin gəlir hissəsi 8 923120 dollar idi. Bunun 4 milyonunu “Şəfa” stadionuna xərcləmişdik. 1994-cü ildə FİFA-ya üzv qəbul olunmuşuq. Yolçu kimi yaşayırdıq. Borc pul götürüb İsveçrənin Sürix şəhərinə konqresə gedirdik. İlk illərdə hökumət bizə kömək edirdi. Sonradan maliyyə yardımını dayandırdılar. Amma Türkiyə bizə pulsuz kömək etdi. “Trabzonspor” klubunun prezidenti Mehmet bəy bizə 5 milyon dollar vəsait ayırdı.
- Hökumət təklif etsəydi istefa verərdiniz?
- 1995-ci ildə peşəkar futbol liqası yaratmışdılar, alternativ çempionat keçirirdilər. Daha sonra alternativ AFFA yaradıb Ələkbər Məmmədovu prezident elan etdilər. Bunların hamısı mənə zərbə idi. Hökumət nümayəndələri ilə dava-dalaş etsəm də, onlarla yaxşı münasibətdə olmuşam. İndiyədək mənə irad bildirməyiblər. Rusiyada Vyaçeslav Koloskovu Prezident Aparatına çağırıb istefa verməyini təklif etdilər. Amma mənimlə bu haqda heç kim söhbət etmədi.
- Bəs özünüz görüşməyə cəhd etmədiniz?
- Xeyli məktub yazdım. Özüm gedib xahiş etsəm də, prezidentlə görüşümə imkan vermədilər. Elə fikirləşməyin ki, kreslomdan yapışmışdım. Kreslo davası çəksəydim stadion tikərdim? Amma indiki AFFA rəhbərliyi kefdədir. Stadion satırlar. Axı, o stadionu mən tikmişəm. “Neftçi”nin bazasını tikdim, restorana çevirdilər, “Şəfa”nı tikdim 3 ilə dağıtdılar. 12 milyon dollarlıq stadionu 4 milyon dollara tikdim. Deyirlər ki, stadion 2004-cü ildə açılıb. Xeyr, 2001-ci ildə açılış olub. FİFA stadionun ümumi xərclərinin 18 faizini ödəyib. Qalan vəsait UEFA-dan, televiziya müqavilələrindən, daxili imkanlarımız hesabına ödənilib. Toğrul Hacıyev yalan danışıb. Heç kim federasiya əməkdaşlarının maaşından stadionun tikintisinə verməyib. FİFA bizə 1 milyon dollar vermişdi. Bunun bir hissəsini xərclədik. 600 min dollar yeni rəhbərliyə qaldı. Bir də UEFA-dan 400 min dollar qaldı. Yeni rəhbərliyə bizdən üst-üstə 1 milyon dollaradək pul qaldı.
- İstefaya çıxandan sonra sizə AFFA-nın fəxri prezidenti adı veriləcəyini gözləyirdiniz?
- Bütün sivil ölkələrdə keçmiş prezidentə Fəxri prezident adı verirlər. Müəyyən işlər cəlb edirlər. Bizdə isə bu olmadı.
- “Şəfa” stadionu uzun müddətə icarəyə verilə bilər?
- Bəli.
- Sizin dövrünüzdə də milli komanda üzvlərinə mükafat verilirdi?
- Əlbəttə! Portuqaliya ilə heç-heçədən sonra hər futbolçuya 3 min dollar mükafat verdim. Yığmanın düşərgəsində günlərinə 20 dollar alırdılar.
- Bəs məşqçilərlə münasibətləriniz necə olub?
- İqor Ponomaryova 2 ilə 40 min dollar, ayda da 500 dollar maaş verdim. Sonra da maaşını ikiqat artırmağımı istədi. Dedim, pulum yoxdur, olsaydı verərdim. Axırda söhbət belə oldu ki, verirəm, amma yaz ki, 5 komanda arasında 3-cü yeri tutacaqsan. Razılaşmadı. Mən də bildirdim ki, qrupda sonuncu yerdə qalacağıqsa, küçədən birini gətirib milli komandaya baş məşqçi qoya bilərəm.
- Sizcə, Azərbaycan və Ermənistan yığmaları harada oynamalıdır?
- Başa düşə bilmirəm ki, bu ajiotajı niyə qaldırıblar? Onsuz da digər idman növlərində ermənilərlə qarşılaşırıq. Teymur Rəcəbov erməni ilə qarşılaşdı və hətta məğlub oldu, niyə susdular? Fikrimcə, AFFA gözləmə mövqeyi tutmalı idi. Fuad Əsədov deyir ki, UEFA-dan çıxarılsaq da, erməniləri Bakıda qəbul etməyəcəyik. Soruşan lazımdır, Azərbaycanın adından danışmaq səlahiyyətini ona kim verib? Görüşlərə gəlincə, Bakıda və İrəvanda qapalı meydanda keçirmək mümkündür. Əgər ermənilərin bayrağını qaldırıb, himninin səslənməsinin istəmiriksə, şərait yaratmayaq. Qoy buna görə, FİFA və ya UEFA Azərbaycanı cəzalandırsın. Amma ali qurumlardan kənarlaşdırılmaq daha pisdir.
- Ermənilərlə oyun keçirilməyə bilərmi?
- Hər şey ola bilər. Amma ermənilərlə oynamalıyıq. Baş katib Azərbaycanın adından danışıb “qoy bizi qovsunlar” deyir. Necə qovsunlar? Axı biz başqa idman növlərində ermənilərlə oynayırıq. Niyə Türkiyə komandası Cənubi Kiprlə görüşür? Halbuki Kipr probleminə görə Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Nizamnamədə yazılıb ki, futbol siyasətə qarışmamalıdır.
- Erməniləri Bakıda qəbul etməkdə qəbahət var?
- Xeyr, idmanda belə şey yoxdur. FİFA və UEFA belə şeyləri qəbul etmir. Sadəcə, püşkatmadan sonra susmalıydıq. Ermənilər mütləq məsələ qaldıracaqdılar ki, Bakıya gəlmək istəmirlər.
- Axı, futbol daha kütləvi oyun növüdür...
- Elə etmək lazım idi ki, bu məsələni ermənilər qaldırsınlar. Yenə deyirəm, bu hökumət səviyyəsində həll edilməlidir. Federasiya özbaşına bu məsələni həll edə bilməz. Məncə, məsələ artıq həll olunub. Həll olunubsa nöqtəsini qoyun. Amma “istəyirlər, bizi qovsunlar” demək təhlükəlidir. Bizi qovsalar, bir də üzv qəbul etməyəcəklər. Uzaqbaşı 1962-ci ildə Çilidə keçirilmiş Dünya Çempionatı kimi qapalı şəraitdə oyun keçirmək olar. Qoymayın camaatı tribunalara. Bakıda oynama, başqa yerdə çıxış et.
- “Neftçi” klubunun 40 illik yubileyinə dəvət almışdınız?
- Xeyr, məni çağırmamışdılar. Halbuki, ömrümün yarısını o komandaya sərf etmişəm. Futbolçuların yeməyini, evini, maşınını mən təşkil edirdim. Amma bu gün mənə nə qalıb? Bir müddət əvvəl Tərlan Əhmədovun uşağının kiçik toyunda iştirak etdim. 500-dək adam var idi. Aralarında olan bütün futbolçular gəlib məni öpdülər. Bax, mənə bu qalıb. Baxarıq, gələcəkdə indiki federasiya rəsmilərinə belə münasibət olacaqmı? Onların öpəcəklərmi, əllərini sıxacaqlarmı? Demək ki, vaxtımı boş yerə sərf etməmişəm. Bilirsiniz, ürəyim necə açıldı? Halbuki, elə fikirləşirdim ki, qorxularından mənimlə görüşməzlər. Bunu bir məşqçi mənə demişdi.
- Sələfiniz Ramiz Mirzəyev futbola necə gəlib?
- Ramiz Mirzəyevi “Neftçi”yə mən gətirmişəm. Onu mən klub prezidenti etmişəm. Mirzəyev gəlib məndən xahiş etdi ki, komanda yaratmaq istəyir. Dedim yaxşı, amma birinci dəstədə oynayacaqsınız. Razılaşmadı. Güclülər dəstəsində təmsil olunmaq istədi. Birdən ağlıma gəldi ki, “Neftçi”nin vəziyyəti pisdir. Aqil Paşayev artıq işləmək istəmirdi. Onu çağırdım yanıma. Mirzəyevin istəyini çatdırdım. Razılaşdılar. Nəticədə Aqil Paşayev təmənnasız klubu Ramiz Mirzəyevə verdi. Məgər pis etmişəm? Eyni zamanda Fuad Əsədovu trest rəisliyindən, yol tikinti nazirinin müavini təyin etdirmişəm.
- İstefaya gedəndən sonra nə işlə məşğul olmusunuz?
- Heç nə ilə. Ancaq bir az gözlədim ki, bəlkə təklif olar. Mən neçə il hökumət işində çalışmışam, 1-2 il istirahət etdim. Lakin gecə-gündüz işləmiş adamın pulsuz qalması çox çətindir. İşləməyə yer tapa bilmirəm. Şəhərə də çıxa bilmirəm. Şəhərin rəhbəri ola-ola, dağıdırlar. Harada gəldi, tikinti aparırlar. Mən paytaxtın baş planı üzərində işləmişəm. Bakıda bütün layihələri əzbər bilirəm. Görürəm ki, düzgün deyil. Ona görə ürəyimə salıram. Gecələr yata bilmirəm. Kim nə istəyir, onu edir. Kəndə gedirəm. İstirahətə, sanatoriyaya yollanıram. Çox sağ olsunlar ki, keçmiş hökumət işçilərinin pensiyasını qaldırıblar. Yoxsa indiyədək cəmi 44 manat təqaüd alırdıq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR