Azərbaycan taekvondoçuları Avropa Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb - FOTO

Azərbaycan taekvondoçuları Avropa Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb - FOTO
# 23 iyun 2023 22:32 (UTC +04:00)

Krakov-2023 III Avropa Oyunlarında taekvondo yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan yığmasının dörd üzvü dayanq üzərinə çıxıb. 1/8 finaldan başlayan yarışda iki kişi və iki qadın təmsilçimiz qüvvəsini sınayıb. Onlardan Səyyad Dadaşov ikinci yeri tutub, Qasim Maqomedov isə bürünc medala yiyələnib.

Kişilər
54 kq

Səyyad Dadaşov 1/8 finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz 1/4 finala adlayıb. Səyyad növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan Səyyad finala vəsiqə qazanıb. Taekvondoçumuz həlledici görüşdə ispaniyalı Hüqo Vaskes ilə qarşılaşıb. Dadaşov ilk raundu 0:3 hesabı ilə uduzduqdan sonra 11:3 hesabı ilə status-kvonu bərpa edib. Lakin həlledici - 3-cü raundda rəqib 9:7 hesabı ilə qələbə qazandığından taekvondoçumuz gümüş medala sahib olub.

58 kq
Qaşım Maqomedov 1/4 finala vəsiqə uğrunda qarşılaşmada Aymen Açnineni (Niderland) ilə mübarizə aparıb. O, iki raundda qələbə qazanıb - 17:4, 13:0. Təmsilçimiz 1/4 finalda Adrian Visenteni (İspaniya) sınağa çəkib. 11:14, 6:10 hesabı ilə uduzan idmançımız yarımfinala adlaya bilməyib. Rəqibi finala vəsiqə qazandığından Maqomedov təsəlliverici görüşə qatılıb və israilli Dmirti Naqayevdən üstün olub - 12:5, 19:6. Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qüvvəsini sınayıb. O, hər iki raundda inamlı qələbə qazanaraq (13:5, 22:4) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qadınlar
46 kq

1/8 finaldan yarışa qatılan Minayə Əkbərovanın ilk rəqibi Sofiya Zampetti (İtaliya) olub. O, iki raundda rəqibinə uduzaraq çempionluq mübarizəsini dayandırıb – 3:5, 0:5. İtaliyalı finala kimi irəlilədiyindən Əkbərova təsəlliverici döyüşlərə qatılıb. Minayə Avropa Olimpiya Komitələrinin bayrağı altında çıxış edən Dina Puryunes ilə görüşüb. 4:2, 6:4 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Minayə Kipr idmançısı Kiriaki Kouttouki ilə münasibətinə aydınlıq gətirib və hər iki raundda rəqib qalib gəlib (9:0, 2:2).

49 kq
Təcrübəli taekvondoçumuz Patimat Abakarova 1/8 finalda Sufarada Kisskalt (Almaniya) ilə görüşüb. Olimpiya Oyunlarının mükafatçısı iki raundda rəqibinə uduzaraq çempionluq mübarizəsini başa vurub – 4:7, 1:10.

Qeyd edək ki, taekvondoçuların mübarizəsi dörd gün davam edəcək və Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR