Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Nazirliyin qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.
Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 17 komandadan 70-ə yaxın əməkdaş qüvvələrini sınayıb.
Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesab üzrə qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.
Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müxtəlif idman növləri üzrə Nazirliyin komanda və əməkdaşlarının respublika və beynəlxalq turnirlərdə qazandığı nailiyyətlərdən bəhs edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Yarışda komanda hesabında 1-ci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 2-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA), 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası tutub.
Bundan əlavə, qadınlar arasında şəxsi yarışlarda 1-ci yerə TTNDA-nın əməkdaşı Sevda Verdiyeva, 2-ci yerə Mülki müdafiə qoşunlarının (MMQ) əməkdaşı Fəridə Hüseynzadə, 3-cü yerə isə FHN-in Aparatının əməkdaşı Xatirə Şahverdi layiq görülüb.
Kişilərin yarışında 1-ci yeri FHN Akademiyasının əməkdaşı Özcan Kərimov, 2-ci yeri MMQ-in əməkdaşı Alxas Məmmədli, 3-cü yeri isə Aviasiya dəstəsinin əməkdaşı Taleh Nəbiyev tutub.
Qaliblərə kubok, diplom və medallar təqdim olunub.
Həmçinin, çempionatın keçirilməsində fəaliyyətinə görə FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alıcanov, Nazirliyin Tibb xidmətinin əməkdaşları və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.