Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO
# 25 dekabr 2023 17:31 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatının açılış mərasimi keçirilib.


Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan tədbirdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər, həmçinin, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.


Açılışda Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin Azərbaycan idmanına töhfələrini əks etdirən videoçarx nümayiş olunub.


Tədbirdə çıxış edən Fərid Qayıbov təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib:

"Ölkəmiz üçün çox uğurlu il oldu. İdmanda kifayət qədər uğurlarımız, yeniliklərimiz oldu. Taekvondo üzrə dünya çempionatı ölkəmizdə təşkil edildi. Bununla yanaşı, idmançılarımız da bizi sevinirdilər. Artıq bir taekvondoçumuz olimpiadaya lisenziya qazanıb. Bütün bu uğurlar dövlətin dəstəyi ilə əldə edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xankəndidə Azərbaycan Kubokunun oyunu zamanı idmançılarla görüşdü. İdmançılarımızı 2024-cü ildə də böyük turnirlər gözləyir. Onlara bu yarışlarda uğurlar arzulayıram".


Daha sonra söz Kəmaləddin Heydərova verilib. Federasiya prezidenti idmançılara çempionatda uğurlar arzulayıb:

"Videoçarxdan gördüyünüz kimi, Ulu Öndər Azərbaycanda bütün idman növlərinə hər zaman böyük qayğı göstərib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə də Azərbaycan idmanında olan inkişaf göz qabağındadır. Azərbaycan taekvondoçuları son illər böyük nailiyyətlər qazanıblar. Çox sevindirici haldır ki, olimpiadaya dörd mümkün lisenziyadan birini artıq qazanmışıq. Əmin ola bilərsiniz ki, taekvondoçular Azərbaycanın idman sahəsində nüfuzunu həmişə yüksəklərdə tutacaqlar. Qalib ölkənin idmançıları da Azərbaycanın idman nüfuzunu yüksəltmək üçün daim çalışmalıdırlar".


Qeyd edək ki, artıq ötən gün yeniyetmələrin mübarizəsinə yekun vurulub. Çempionat isə dekabrın 28-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR