Məşhur voleybolçu Azərbaycanda oynaya bilər

Məşhur voleybolçu Azərbaycanda oynaya bilər
# 05 may 2014 10:35 (UTC +04:00)

Bakı – APA. “Azəryol” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin növbəti voleybolçusu da Türkiyənin “Vakıfbank” klubundan olub.

Belə ki, “Azəryol” İstanbul təmsilçisinin heyətində serbiyalı Yelena Nikoliçin ardınca ehtiyatda qalan Yovana Brakoçeviçlə də razılıq əldə edib. 26 yaşlı hücumçu 1 illik müqaviləyə imza atıb.

Son mövsümdə zəif çıxışını nəzərə almasaq, Brakoçeviçi kifayət qədər güclü oyunçu hesab etmək olar. Çünki 196 sm boya malik Yovananın kolleksiyasında Avropa çempionatı, Avropa Liqası, Çempionlar Liqası, Çin, Türkiyə, klublararası dünya çempionatı və digər yarışların qızıl medalları var.

“Azəryol” onun ardınca növbəti səs-küylü transferini reallaşdırmağa çalışır. Bakı klubu yenidən cənubi koreyalı ulduz Yeon Kounq Kimin xidmətində maraqlıdır və artıq danışıqlar yekunlaşmaq üzrədir. Onunla hətta 2 illik müqavilə imzalanması gözlənilir.

Yeri gəlmişkən, Kimin komandadan ayrılmasına səbəb də var. Çünki onun çıxış etdiyi “Fənərbaxça” məhz asiyalının mövqeyinə kolumbiyalı Madeleyne Montanonu transfer edib.

Qeyd edək ki, “Azəryol” Brakoçeviçə qədər Yelena Nikoliç (Serbiya), Andressa Pikussa (Braziliya) və Lora Kitipovanı (Bolqarıstan) heyətinə qatıb, Oksana Parxomenko, Polina Rəhimova və Odina Əliyeva ilə müqavilənin müddətini artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR