“Bizim məqsədimiz şagirdlərin hansı səviyyədə olduğunu başa düşməkdir”.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
O bildirib ki, gələcəkdə qiymətləndirmə nəticələri ilə əvvəlki nəticələri müqayisə etmək mümkün olacaq:
“Qiymətləndirmədə istifadə olunan tapşırıqlarla şagirdləri 6 səviyyəyə bölürük. Biz dəqiq olaraq bilirik ki, ölkədə neçə faiz şagird hansı səviyyədədir. Bizim əsas məqsədimiz hansı şagirdlərin baza səviyyəsindən aşağı olduğunu müəyyənləşdirməkdir. Əsas məqsədimiz bu qiymətləndirmənin nəticələrindən istifadə edərək oxu, təbiət elmləri və riyaziyyat üzrə şagirdlərimizin səviyyəsini müəyyənləşdirməkdir”.
Elnur Əliyev vurğulayıb ki, PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib: "Tədqiqata cəlb olunan 7 432 şagird ölkə üzrə ümumilikdə 118 min 15 yaşlı şagirdi təmsil edir".
Onun sözlərinə görə, Azərbaycanda tədqiqata ümumilikdə 241 məktəb cəlb olunub. Onlardan 154-ü şəhər, 87-si isə kənd məktəbidir. İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini isə qızlar təşkil edib.
Qeyd olunub ki, PISA 2025 tədqiqatında 91 ölkədən 760 min şagird iştirak edib. Onlar ümumilikdə təxminən 33 milyon 15 yaşlı şagirdi təmsil edirlər.