Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılovanın APA-ya müsahibəsi.
- Nərgiz xanım, müsahibəyə abituriyentləri ən çox maraqlandıran sualla başlamaq istəyirəm. Qarabağ Universitetinin keçid balları nə qədərdir? Əslində, keçid ballarının növbəti illərdə formalaşacağı aydındır, amma abituriyentləri maraqlandırır ki, 400 bal yığmışamsa, Qarabağ Universitetini seçə bilərəmmi?
- Universitetimizə ilk qəbul ili olduğu üçün keçid balları müsabiqədə iştirak edən abituriyentlərin nəticələrinə əsasən bəlli olacaq. İstəyimiz odur ki, ilk dəfə qəbul apardığımız Qarabağ Universitetində müvafiq ixtisaslar üzrə yüksək nəticələr əldə etmiş gənclərin qəbulunu həyata keçirək. Qəbul nəticələri elan olunduqdan sonra bununla bağlı təhlillər aparıb ictimaiyyətə lazımi məlumatlar təqdim edəcəyik.
400 bal yığıb Qarabağ Universitetini seçməklə bağlı tərəddüd edən abituriyentlərə isə öz təcrübəmdən irəli gələrək səslənirəm ki, nəticə əldə etmək, uğur qazanmaq istəyirsinizsə, öncə, qarşınıza çıxan bütün şansları və seçimləri nəzərə alıb dəyərləndirməlisiniz. Kim bilir, bəlkə Universitetin və regionun quruculuq illərində aparıcı qüvvələrdən biri siz oldunuz.
- Bəs ümumilikdə, infrastruktur tələbələri qarşılamaq üçün hazır vəziyyətdə və yetərlidirmi?
- Tədris binalarında infrastruktur işləri tamamlanmaq üzrədir, artıq son toxunuşlar həyata keçirilir. Eyni zamanda, tələbələrimizə və əməkdaşlarımıza yaşayış üçün təqdim edəcəyimiz mənzillərin hazır vəziyyətə gətirilməsi istiqamətində bütün işlər yekunlaşmaqdadır. Bir sözlə, Qarabağ Universiteti ilk tələbələrini və heyətini qarşılamağa hazırdır.
- Qəbul planı barədə məlumat verə bilərsinizmi?
-İlk tədris ilində 1120 tələbə üçün qəbul planı verilib. Başqa sözlə, maksimum 1120 tələbənin birinci kursda təhsil almasını gözləyirik. Universitetimizin tanıtımı çərçivəsində ölkəmizin demək olar ki, bütün regionlarında Qarabağ Universiteti ilə bağlı görüşlər təşkil edilib. Abituriyentlər və onların valideynlərinin universitetimizə böyük maraq göstərdiyinin şahidi olmuşuq.
- İkili diplom proqramı nəzərdə tutulub?
-Həm yerli, həm də qabaqcıl dünya universitetləri ilə ikili diplom proqramını həyata keçirməyi nəzərdə tuturuq. İstəyimiz tələbələrimizin Qarabağ Universitetində təhsil aldıqları müddətdə tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olmaları, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilmələridir. Bu məqsədlə, tələbələr üçün ilk tədris illərində intensiv ingilis dili dərsləri təmin olunacaq.
- Ən çox axtarış edilən ifadələrdən biri isə “Qarabağ Universiteti hüquq fakültəsi” idi. Hüquq fakültəsi, bu ixtisasın tədrisi və pedaqoji heyəti barədə məlumat verə bilərsinizmi?
- Hazırda hüquqşünaslıq ixtisası Humanitar və sosial elmlər fakültəsinin tərkibindədir. Bu ixtisasın tədrisi üçün ölkənin peşəkar, təcrübəli hüquqşünas və vəkillərinin pedaqoji fəaliyyətə cəlb olunması istiqamətində işlər aparılır. Ümumiyyətlə, hədəfimiz müasir əmək bazarının tələblərinə cavab verə biləcək mütəxəssislər yetişdirmək və həmin kadrların layiqli vətəndaş olmasını təmin etməkdir. Bu məqsədlə, yüksək səviyyədə praktiki biliklərə malik akademik və inzibati heyət formalaşdırırıq.
- Nərgiz xanım, növbəti illərdə ixtisasların sayının artırılması nəzərdə tutulur?
- Bu il universitetdə 6 fakültədə 27 ixtisas fəaliyyət göstərəcək. Növbəti illərdə ixtisasların sayının artırılması və şaxələndirilməsi nəzərdə tutulur. Müvafiq konsepsiyalar hazır olduqca ictimaiyyətə bu barədə məlumat veriləcək.
- Tədris prosesi başladıqdan sonra valideynlərin öz övladlarına baş çəkməsi ilə bağlı hansısa çətinliklər ola bilərmi?
- Valideynlərin övladlarını müşayiət etməsi, istədikləri vaxt onlarla zaman keçirməsi ilə bağlı hər hansı bir problemimiz yoxdur.
“Tələbəyə ailə üzvü və ya valideyni ilə birgə həm yataqxana, həm universitet, həm də kampus ətrafı tanışlıq üçün şərait yaradılacaq”.
- Tələbələrin valideynlərinin universitet və yataqxana ilə tanış olması mümkündür?
- Tələbələrimizin Xankəndi şəhərinə gəlişinin 16 sentyabr tarixindən bir neçə gün öncə təmin edilməsi planlaşdırılır. Tələbələr üçün kampus və şəhər ilə tanışlıq xidməti, həmçinin Universitet, akademik və sosial fəaliyyətlər ilə bağlı infosesiyaları ehtiva edən zəngin bir proqram hazırlayırıq. Tələbəyə ailə üzvü və ya valideyni ilə birgə həm mənzil tipli yataqxana, həm universitet, həm də kampus ətrafı tanışlıq üçün şərait yaradılacaq.
- Tələbələrə ödəniləcək təqaüdlərin məbləği barədə məlumat verə bilərsinizmi? Məsələn, cənab nazir Emin Əmrullayev müsahibələrinin birində hüquqşünaslıq və mühəndislik ixtisaslarında 500 baldan yuxarı göstəricisi olan tələbələrə əlavə təqaüdün ödənilməsinin nəzərdə tutulduğunu demişdi, həmin təqaüdlərin miqdarı nə qədər olacaq?
- Hazırda tərəfdaşlarımız ilə bu istiqamətdə müzakirələr aparırıq, müxtəlif mexanizmlər üzərində işləyirik. İxtisas seçimi bitdikdən və müvafiq ixtisaslar üzrə tələbələrimizin qəbul balları müəyyən edildikdən sonra müvafiq qərar veriləcək, əlavə təqaüdlərin verilməsi imkanı nəzərdən keçiriləcək. Bundan əlavə, universitetimizdə bir neçə adlı təqaüdün verilməsi də nəzərdə tutulur. Tələbələrimizə bu barədə məlumat veriləcəkdir.
- Qarabağ Universitetində işə qəbul prosesi davam etməkdədir. Hazırda əməkdaş sayı nə qədərdir?
- İlk gündən etibarən universitetimizdə əsas inzibati və akademik vəzifələr üzrə vakansiya elanları geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Elm və Təhsil Nazirliyinin, Qarabağ Universitetinin resurslarında vakansiyalarla bağlı elanlar yerləşdirilir. Vakansiyalar üzrə yüksək nəzəri və praktiki biliklərə malik mütəxəssislər müraciət edirlər, ən yaxşı namizədlər arasında seçimlər həyata keçirilir. İnzibati heyətin böyük qismi artıq fəaliyyətə cəlb olunub, hazırda pedaqoji heyətin formalaşdırılması istiqamətində işlərimiz sürətlə davam edir.
Hazırda 70 nəfərlik heyət ilə fəaliyyət göstəririk, pedaqoji heyətin də cəlb olunması sayəsində sentyabr ayından etibarən komandamızın üzvlərinin sayının 2 dəfə artacağı gözlənilir.
- Digər inzibati işlərə həmin ərazilərdə yaşayan insanların cəlb edilməsi nəzərdə tutulubmu?
- Bəli, hazırda bu istiqamətdə də işlər davam etməkdədir. Biz işçi potensialı barədə aidiyyəti qurumlardan əldə olunmuş məlumatları emal edirik, təcrübəsi və ixtisas göstəriciləri tələblərə cavab verən namizədlər ilə danışıqlar aparırıq.
“Biz, yəni bütün heyət Xankəndi şəhərində yaşayacağıq”.
- Bakıdan gedən əməkdaşların, pedaqoji heyətin hər biri Qarabağda daimi məskunlaşacaq?
- Bəli. Biz, yəni bütün heyət Xankəndi şəhərində yaşayacağıq. Həmçinin müxtəlif ixtisaslar üzrə qonaq müəllimlərimiz də olacaq.
- Onlayn dərslərin tədrisi nəzərdə tutulubmu?
- Bütün müasir ali təhsil ocaqlarında olduğu kimi, Qarabağ Universitetində onlayn dərslərin keçirilməsi üçün lazımi şərait qurulub, ehtiyac olduqda istifadə olunacaq. Cari tədris proqramında müəllim ilə üz-üzə, interaktiv formada dərslərin keçirilməsi daha məqsədəmüvafiqdir. Tələbələrimizin böyük qisminin ali təhsil pilləsində ilk təcrübəsinin olduğunu nəzərə alsaq, müəllim ilə birbaşa ünsiyyətin daha effektiv olacağını düşünürük.
- Müəllimlər arasında əcnəbilər var?
- Bəli, bir neçə əcnəbi müəllimin tədris prosesinə cəlb edilməsi nəzərdə tutulub. İxtisaslardan asılı olaraq, bu tendensiyanın növbəti semestrlərdə də davam etdirilməsi nəzərdə tutulur.
- Gələcəkdə turizm və incəsənət, musiqi sahəsində olan fakültələr Şuşada fəaliyyət göstərəcək? Bəs bu il?
-Qeyd etdiyiniz fakültələr ilk tədris ilində Xankəndi şəhərində fəaliyyət göstərəcək. Kampusa dair növbəti tədris illərindəki fəaliyyətimizlə bağlı müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat veriləcəkdir.
- Universitetdə laboratoriyalar da olacaq?
- İlkin mərhələdə əsas diqqət mühəndislik sahəsinə aid laboratoriyaların formalaşdırılmasına yönəldilib. Bu çərçivədə, ixtisaslarımızın tələblərinə uyğun olaraq, süni intellekt, fizika, kimya, robototexnika və informasiya texnologiyaları sahələrində müasir laboratoriyaların yaradılması planlaşdırılır. Növbəti mərhələdə isə, müvafiq sahələrin tələblərinə cavab verən peşəkar və qabaqcıl texnologiyalarla təchiz edilmiş laboratoriyaların qurulması nəzərdə tutulur. Bundan başqa, sənaye tərəfdaşlarımızla birgə laboratoriyaların yaradılması və onların səmərəli fəaliyyəti ilə bağlı müxtəlif təşəbbüslər dəyərləndirilməkdədir.
- Qarabağ Universitetinin əməkdaşları üçün hansı şərait yaradılacaq?
- Əməkdaşlarımızın inkişafı prioritet məsələlərdən biridir – Qarabağ Universitetində tələbələrlə yanaşı, heyət üzvlərinin də şəxsi və peşəkar inkişafına böyük önəm veriləcəkdir. Bu məqsədlə, əməkdaşlarımızın potensialının tam şəkildə üzə çıxarılması üçün hərtərəfli qiymətləndirmə alətlərinin tətbiq olunması, müxtəlif inkişaf proqramlarının təmin edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Universitetdə çalışdıqları müddət ərzində əməkdaşlarımızın rifahını təmin etmək üçün onlara Xankəndidə müasir və rahat mənzillərlə təmin olunma imkanı da yaradılacaq.
- Qarabağ Universitetini seçəcək abituriyentlərin valideynlərini maraqlandıran suallardan biri də təhlükəsizlik ilə bağlıdır. Orada təhlükəsizlik hansı səviyyədədir?
- Xankəndidə təhlükəsizlik baxımından bütün imkanlar formalaşdırılıb, aidiyyəti qurumlar bu istiqamətdə bütün tədbirləri həyata keçiriblər. Qarabağ Universitetində təhsil alacaq gəncləri və onların valideynlərini əmin edirik ki, Xankəndi şəhərində, bütövlükdə Qarabağda təhlükəsizliklə bağlı məsələlər dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur.
- Tələbələrin sosial həyatı necə olacaq?
- İlk öncə qeyd edim ki, peşəkar psixoloq və sosioloqların dəstəyi ilə tələbələr üçün il ərzində adaptasiya proqramı tətbiq olunacaqdır. Proqram çərçivəsində tələbələrin universitetdən gözləntiləri, çətinlikləri, bacarıqları və inkişaf perspektivləri aşkar olunacaqdır. Bunun nəticəsində tələbələr müxtəlif sosial layihələrə, tələbə klublarına cəlb olunacaqlar. Universitetimizin çoxprofilli olması tələbələrin asudə vaxtının məhsuldar təşkil olunmasına öz töhfəsini verəcək. Bu işlərin lazımi səviyyədə icra olunması üçün universitetdə Tələbələrlə iş mərkəzi fəaliyyət göstərəcək.
“Universitetdə Karyera və təcrübə mərkəzi yaradılacaq”.
- Tələbələr harada təcrübə keçəcək?
- Universitetimizdə tədrisin məzmunu həm cari, həm də yaxın perspektivdəki müasir əmək bazarının tələblərini nəzərə aldığından, tələbələrimiz nəinki Qarabağ və ətraf bölgələrdə, həmçinin ölkə daxilində və xaricində təcrübə qazanmaq şansı əldə edəcəklər. Bu istiqamətdə lazımi dəstəyin göstərilməsi məqsədilə universitetdə Karyera və təcrübə mərkəzi yaradılacaq.
- Əlilliyi olan abituriyentlər üçün universitetdə müyəssərlik hansı səviyyədədir?
- Əlilliyi olan şəxslərin hərəkətinin mobilliyini təmin etmək məqsədilə əlil arabalarının maneəsiz hərəkəti üçün tədris binalarında müvafiq işlər aparılır. Növbəti mərhələdə kampusda inklüzivliyin təmin olunması istiqamətində önəmli işlərin görülməsi nəzərdə tutulur.
“Bizim tələbələrimiz regionun inkişafına birbaşa töhfə vermək şansı qazanacaqlar”.
- Gələcək tələbələrinizə səslənərək nə demək istəyərdiniz?
- Qarabağ Universiteti bənzərsiz bir imkan təqdim edir. Belə ki, illər ərzində həsrətində olduğumuz torpaqların bərpasında tələbələrimizin birbaşa iştirakı təmin ediləcək, təhsilin, mədəniyyətin və rifahın yenidən canlanmasına töhfə veriləcək. Bu işlərin lazımi səviyyədə icrası keyfiyyətli təhsil vasitəsilə mümkündür. Tələbələrimiz müxtəlif sahələrdə geniş inkişaf imkanları əldə edəcəklər. Universitetdə elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərəcək və peşə ixtisasına malik mütəxəssislər yetişdiriləcək. Əlavə olaraq, özəl sektorla əməkdaşlıq çərçivəsində tədqiqat layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
Tələbələrimiz və əməkdaşlarımız üçün yaradıcı, təhlükəsiz və ekoloji cəhətdən təmiz bir mühit təmin ediləcək. Belə bir mühitdə hər kəsin potensialını maksimum dərəcədə reallaşdırması mümkün olacaq.
FOTO: Rüfət Mustafayev