“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 05 may 2016 11:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsinin Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib.

Tədbirin sonunda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR