Dəfn zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması qaydası müəyyənləşib

Dəfn zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması qaydası müəyyənləşib
# 28 dekabr 2016 07:17 (UTC +04:00)

Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası”nı təsdiqləyib.

APA-nın məlumatına görə, Qayda dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılmasını müəyyənləşdirir. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin uçotu onların hərbi xidmət keçdiyi dövlət orqanlarının və hərbi hissələrin qərargahlarında, ehtiyatda və ya istefada olanlar sırasından hərbi ehtiram göstərilən digər şəxslərin uçotu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində aparılır.

Müharibə və dinc dövrlərdə hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarının, hərbi hissələrin (müəssisə, idarə və təşkilatların) qərargahlarında hərbi qulluqçuların qaytarılmaz döyüş və qeyri-döyüş itkilərinin fərdi uçotu “Qaytarılmaz itkilərin adlı siyahısı” üzrə aparılır. Qaytarılmaz itkilərə (qaytarılmaz döyüş itkiləri və qaytarılmaz qeyri-döyüş itkiləri) hərbi xidmət dövründə həlak olmuş, fövqəladə hadisə zamanı vəfat etmiş, məhkəmə qaydasında itkin düşmüş və ya ölmüş elan olunmuş və əsir düşmüş, habelə aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində stasionar müalicə müddətində vəfat etmiş hərbi qulluqçular (toplanışa çağırılmış hərbi vəzifəlilər) daxildir. Qaytarılmaz döyüş itkiləri - döyüş şəraitində döyüş tapşırığının və ya döyüş fəaliyyətlərinin hərtərəfli təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin və əsir düşmüş, habelə aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində stasionar müalicə müddətində vəfat etmiş şəxslərdir. Qaytarılmaz qeyri-döyüş itkiləri - xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan bədbəxt hadisə zamanı həlak olmuş və ya müalicə müəssisələrində xəstəlikdən vəfat etmiş şəxslərdir. Hərbi hissələrdə (müəssisə, idarə və təşkilatlarda) “Qaytarılmaz itkilərin adlı siyahısı” nizami hissə üzrə əmrlər əsasında, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hər birini döyüş və qeyri-döyüş itkilərinə ayırmaqla, üç nüsxədə tərtib olunur. Adlı siyahı qaytarılmaz itkilərin say uçotu barədə məlumatlar üzrə yoxlanılır və müəyyən olunmuş qaydada iki nüsxədə komanda üzrə yuxarı qərargaha göndərilir. Adlı siyahının üçüncü nüsxəsi hərbi hissənin (müəssisə, idarə və təşkilatın) qaytarılmaz itkilərinin uçotu üçün nəzərdə tutulan işə tikilir. Zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları heyətindən olan qaytarılmaz itkilərin fərdi uçotu, həmçinin şəxsi heyət üzrə əmrə əsasən aparılır. Hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanları, hərbi hissələr (müəssisə, idarə və təşkilatlar) qaytarılmaz itkilər barədə dərhal vəfat edənlərin (həlak olanların), itkin və əsir düşmüşlərin ailə üzvlərinin (yaxın qohumlarının) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə bildiriş göndərir.

“Qaytarılmaz itkilərin adlı siyahısı”na daxil edilmiş itkin düşmüş və əsirlikdə olan hərbi qulluqçunun (toplanışa çağırılmış hərbi vəzifəlinin) sağ olması məlum olduqda (aşkar edildikdə) və ya onun müalicə müəssisələrində müalicədə olduğu aydınlaşdıqda, həmin gün hərbi hissə komandirinin (müəssisə, idarə və təşkilat rəislərinin) nizami hissə üzrə əmrində bu barədə müvafiq qeydlər aparılır və dərhal yuxarı qərargaha, həmçinin bildirişin göndərildiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə məlumat verilir. Hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarının və onun struktur bölmələrinin (müəssisənin, idarənin, təşkilatların və hərbi hissələrin) əsgər, çavuş heyətindən olan qaytarılmaz itkilərinin fərdi uçotu şəxsi heyətin uçotu bölməsində, zabit, gizir və miçmanlar heyətindən olan qaytarılmaz itkilərinin fərdi uçotu isə kadrlar bölməsində aparılır.

Silahlı Qüvvələrin qərargahlarında qaytarılmaz itkilərinin fərdi uçotu aparılır və bunun üçün nəzərdə tutulmuş işə tikilir. Hərbi müalicə müəssisələrində (hospitallarda, əlahiddə tibb taborlarında, həmçinin müharibə dövründə əlavə olaraq yaradılan səyyar müalicə-təxliyə müəssisələrində) qaytarılmaz itkilərin uçotu adlı siyahı üzrə aparılır. Bu zaman dəyişən heyət sırasından olanların uçotu müəssisənin tibb hissəsində, daimi heyət sırasından olanların uçotu isə hərbi hissələrin (müəssisə, idarə və təşkilatın) qərargahı üçün müəyyən edilmiş qaydada müalicə müəssisəsinin inzibati-təsərrüfat hissəsində aparılır. Müalicə müəssisəsində vəfat etmiş hərbi qulluqçular (toplanışa çağırılmış hərbi vəzifəlilər) həmin gün müəssisə rəisinin nizami hissə üzrə əmri ilə müəssisənin dəyişən heyətinin siyahısından çıxarılır. Həmin əmr əsasında “Qaytarılmaz itkilərin adlı siyahısı” tərtib olunur və vəfat edənlərin ailə üzvlərinin (yaxın qohumlarının) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə bildiriş göndərilir. Qaytarılmaz itkilərin ümumi uçotu zabit, gizirlər və miçmanlar üçün Silahlı Qüvvələrini idarəetmə orqanlarının, Müdafiə Nazirliyinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kadrlar idarəsində, əsgər, matros, çavuşlar üçün isə təşkilat-səfərbərlik (komplektləşdirmə) idarəsində, şöbə və bölməsində vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların uçot kartları üzrə aparılır.

Ehtiyatda və istefada olanlar sırasından hərbi ehtiram göstərilən şəxslərin uçotu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR