Londonda üç hücum törədilib, onlardan ikisinin terror aktı olduğu rəsmi təsdiqlənib

Londonda üç hücum törədilib, onlardan ikisinin terror aktı olduğu rəsmi təsdiqlənib
# 04 iyun 2017 02:46 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib. İnsidentlər nəticəsində xəsarət alanlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland Yardın yüksək vəzifəli nümayəndəsi bildirib.

“Üç müxtəlif insident törədilib, xəsarət alanlar var. Terror fəallığı istisna olunmur. Hadisələr araşdırılır”, - deyə mənbə bildirib.

Məlumata görə, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə azı bir nəfər ölüb, 20-dək piyada xəsarət alıb.

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib. “Sun” və “Telegraph” nəşrləri bildirir ki, bıçaqla silahlanmış şəxs bundan əvvəl insident baş verdiyi “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Tito's” restoranına soxularaq insanlara xəsarətlər yetirməyə başlayıb. “Sun” qəzeti şahidlərə istinadən hücum nəticəsində ölənlərin olduğunu iddia edir.

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.

Qeyd edək ki, polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.

Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.

Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.

İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR