Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar hesabat açıqlanıb

Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar hesabat açıqlanıb
# 01 sentyabr 2015 15:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb.

Komissiyadan APA-ya verilən məlumata görə, hesabatda qeyd olunub ki, 2015-ci ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bir neçə görüş keçirilib, müzakirələr aparılıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilib.

Qeyd olunub ki, 2014-cü il oktyabr ayının 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa prezidenti Fransua Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması ilə bağlı əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə 4 mart 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Deniz Duranla Dövlət Komissiyasının katibinin görüşü olub. Görüşdə bu sahədə vəziyyəti ətraflı təhlil etmək, hansı məlumatların mübadilə edilməsi imkanlarının araşdırılması və ümumiyyətlə, bu sahədə işləri inkişaf etdirmək üçün hər iki qurumun əməkdaşlarının (hər qurumdan bir nəfər olmaqla) müntəzəm texniki görüşlər keçirməsi və müzakirələr aparması barədə razılıq əldə olunub.

Texniki görüşlərin keçirilməsi ilə bağlı 4 mart 2015-ci il tarixdə əldə olunmuş razılığa uyğun olaraq, 4 iyun 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin düşmüş şəxslər və axtarış işləri üzrə regional nümayəndəsi ilə Dövlət Komissiyasının İşçi qrupunda ilk görüş keçirilib. Görüşdə 13-16 iyun 1993-cü il tarixdə Ağdam rayonu, Qalayçılar kəndi və ətraf ərazilərdə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı hər iki qurumda olan siyahı və məlumatlar ətraflı təhlil edilib.

Görüşün nəticəsi olaraq qarşı tərəfə təqdim edilməsi üçün 41 nəfərin adı keçən siyahı, eyni zamanda əsir götürülmüş, qeyri-insani saxlanma şəraitinə və davranışa görə, 1994-cü ilin fevral ayında Şuşa türməsində ölərək yaxınlıqdakı qəbiristanlıqda dəfn edilmiş 2 nəfər barədə şahid ifadələri və digər zəruri məlumatlar BQXK-ya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR