Azərbaycanın Koreyadakı səfiri keçmiş prezident Roh Mu-hyunun doğulduğu əyalətə səfər edib

Azərbaycanın Koreyadakı səfiri keçmiş prezident Roh Mu-hyunun doğulduğu əyalətə səfər edib
# 31 avqust 2017 08:03 (UTC +04:00)

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov iki ölkə arasında əlaqələrin inkişafına müstəsna töhfə vermiş keçmiş prezident, mərhum Roh Mu-hyunun doğulduğu Gyeongsan-namdo əyalətinə səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Roh Mu-hyun Fondunun icraçı direktoru Co Ho-yonla görüş keçirilib, daha sonra mərhum prezidentin məzarı ziyarət edilib. Ziyarət zamanı səfir xatirə kitabına ürək sözlərini yazıb və məzarın önünə əklil qoyub.

Daha sonra R. Teymurov mərhum prezident Roh Mu-hyunun Kimhe şəhəri yaxınlığında yerləşən evini ziyarət edərək həyat yoldaşı Kvon Yanq-sookla görüş keçirib. Görüş zamanı Azərbaycana ilk səfər etmiş prezident Rohun ölkələr arasında əlaqələrin inkişafına müstəsna töhfə verdiyi qeyd edilib. Cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün hər iki ölkədə qeyd olunduğu bildirilib, həmçinin, səfirlik tərəfindən Azərbaycan-Koreya əlaqələrinin inkişafına töhfə vermiş Koreyanın ictimai-siyasi xadimlərinin yad edildiyi vurğulanıb. Bu çərçivədə cənab Roh Mu-hyunun xatirəsinin yad edilməsinin vacib olduğu diqqətə çatdırılıb. Belə ki, Azərbaycan-Koreya əlaqələrinin inkişafının əsas təməlinin məhz prezident Roh Mu-hyunun 2006-cı ildə Azərbaycana və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərləri ilə qoyulduğu dilə gətirilib. Qeyd olunan səfərlər çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığı və hər iki ölkədə səfirliklərin açıldığı bildirilib.

Xanım Kvon Yanq-sook öz növbəsində Azərbaycan səfirinin ziyarətini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycanla bağlı xoş xatirələrini dilə gətirərək Bakının əsrarəngiz gözəlliyini xatirələrində hələdə yaşadığını bildirib. Xanım Kvon ölkənin birinci xanımı Mehriban Əliyeva ilə həmin dövrdə keçirilmiş görüşlərin onda xüsusi təəssürat yaratdığını qeyd edib.

Görüş zamanı qarşılıqlı yüksək səfərlər zamanı çəkilmiş foto şəkillərdən ibarət foto albom mərhum prezidentin həyat yoldaşına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR