Elxan Süleymanov: “ATƏT/DTİHB-nin meydanda tək qalması beynəlxalq təşkilatları təlaşa salır”

Elxan Süleymanov: “ATƏT/DTİHB-nin meydanda tək qalması beynəlxalq təşkilatları təlaşa salır”
# 24 oktyabr 2013 09:18 (UTC +04:00)

Belə ki, bəzi qüvvələr hələ də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə kölgə salmağa çalışır və ardıcıl olaraq bu istiqamətdə səylər göstərirlər.

İlk növbədə onu qeyd etməliyik ki, prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP), ATƏT Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bərabər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyası da izləyib. Ümumiyyətlə, builki prezident seçkiləri 50 mindən çox yerli müşahidəçi və dünyanın müxtəlif regionlarını təmsil edən təxminən 100 ölkədən 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən müşahidə edilib. Beynəlxalq müşahidəçilər ABŞ və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirdilər.

Onu da xüsusilə vurğulamaq istərdim ki, ATƏT/DTİHB müşahidə missiyası istisna olmaqla, bütün müşahidə missiyaları və müşahidə qrupları 9 oktyabr seçkilərini azad, şəffaf və ədalətli seçkilər və demokratiyaya irəliləyiş kimi qiymətləndirdilər.

Avropanın ən nüfuzlu beynəlxalq qurumları olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti (AP) müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat qəbul etdilər. Həmin bəyanatda AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları “Azərbaycana dərs vermək və ya ölkədə demokratik inkişafın səviyyəsini ölçmək üçün deyil, ölkənin demokratiyaya keçidi prosesinə şahidlik etmək və bu prosesi təşviq etmək üçün” gəldiklərini vurğulayaraq, “ümumilikdə seçki günü və ondan əvvəl seçki prosesinin azad, ədalətli və şəffaf, AŞPA, ATƏT standartlarına uyğun keçirildiyini müşahidə” etdiklərini bildirdilər. Bu iki nüfuzlu beynəlxalq təşkilatın müşahidə missiyalarının birgə bəyanatında eyni zamanda Azərbaycan hökumətinin seçkilərdə böyük sayda müşahidəçiləri dəvət etməsini təqdirəlayiq hesab etdikləri, seçkidən əvvəl və seçki günü seçki proseslərinin dinc və peşəkar şəraitdə keçirilməsi, seçki günü seçki məntəqələrində və kənarda təzyiqlərin qeydə alınmadığı, seçki məntəqələrinə yaxın ərazidə polislərin görünmədiyi, əvvəlki seçkilərlə müqayisədə seçki debatlarının daha yaxşı təşkil olunduğu vurğulanıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, ATƏT PA müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı mövqeyi də AŞPA və Avropa Parlamenti müşahidə missiyalarının mövqeyi ilə əsasən üst-üstə düşür. Bu mövqe ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazanın 10 oktyabr tarixli bəyanatında öz əksini tapıb. M.Vuazan öz bəyanatında vurğulayır ki, “bu seçki kampaniyası namizədlərin sayı, televiziyalarda kampaniyaların bütün namizədlərə açıq olması, seçicilərin seçkilərdə 72%-dən artıq iştirakı, Mərkəzi Seçki Komissiyası tərəfindən yaxşı təşkilatçılıq və şəffaflıq vasitəsilə demokratik inkişafı mümkün edib”. ATƏT müşahidə missiyasının rəhbəri öz bəyanatında seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və bununla bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin bəyanatına tamamilə qoşulduğunu vurğulayır. M.Vuazan həmçinin ATƏT/DTİHB məruzəsinin ATƏT PA müşahidəçilərinin və qısamüddətli seçki müşahidəçilərinin seçki haqqında qeyd etdikləri müsbət fikirləri əks etdirmədiyini də diqqətə çatdırıb.

Təqdirəlayiq haldır ki, ATƏT-in fəaliyyətdə olan sədri cənab Leonid Kojara da seçkilərin nəticələrinə dair bəyanatla çıxış etdi. O, bəyanatda ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı müşahidəçiləri, eləcə də ATƏT-in iştirakçı dövlətlərindən olan bir çox milli nümayəndə heyətləri tərəfindən müşahidə edilməsi faktını təqdir etdiyini bildirdi. L.Kojara diqqəti ATƏT sədrinin xüsusi əlaqələndiricisinin bəyanatına, Avropa Şurası və Avropa Parlamentinin seçkini müşahidə edən nümayəndə heyətlərinin birgə bəyanatına, həmçinin beynəlxalq müşahidəçilərin bəyanatlarına yönəldərək, bu bəyanatlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsinin bir sıra aspektlərinin ATƏT və Avropa Şurasının prinsipləri və demokratik seçkilərə dair digər beynəlxalq standartlara cavab vermək istiqamətində irəliləyiş olduğunu vurğuladı.

Eyni zamanda təəssüflə qeyd edirəm ki, ATƏT/DTİHB müşahidə missiyasının seçkilərin nəticələri üzrə qiymətləndirməsi köklü şəkildə fərqli olub. Hesabatda sənədin guya ATƏT/DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gəlməsi barədə iddialara ATƏT PA müşahidə missiyasının rəhbəri Mişel Vuazanın ATƏT PA-nın Budvada keçirilən sessiyası zamanı Daimi Komitənin iclasında etiraz etməsi diqqəti çəkən məqamlardandır. M.Vuazan birmənalı olaraq bildirir ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri kimi o, özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etmişdir və qəbul edilən sənədə etirazını bildirmişdir.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, ATƏT/DTİHB müşahidə missiyasının hesabatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəalar əks etdirilmişdir. Bunlar isə dəlil və sübütlarla əsaslandırılmır. Misal üçün, hesabatda “namizədlərin və seçicilərin hədələnməsi” kimi absurd iddialar irəli sürülür və bu iddialar heç bir sübutla təsdiqlənmir. Hesabatda məntəqələrin 11%-də seçki prosesinin mənfi olaraq qiymətləndirilməsinin özü də şübhəlidir. Belə ki, ATƏT/DTİHB müşahidə missiyasının tərkibində cəmi 280 nəfər müşahidəçi olub. Azərbaycanda seçki məntəqələrinin sayı isə 5300-dən artıqdır. Əgər iddialara inansaq, onda DTİHB-nin müşahidəçiləri təxminən 600-ə yaxın məntəqədə səslərin sayılması zamanı pozuntular olduğunu qeyd ediblər. 280 nəfərin 600 məntəqədə seçki prosesində və səslərin sayılmasında iştirak etməsi faktı isə özlüyündə şübhə doğurur.

Bir məsələyə də diqqət çəkmək istəyirəm. MSK sədri cənab Məzahir Pənahov DTİHB müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşdə ondan bu iddiaları əsaslandırmağı xahiş etdikdə, missiya rəhbəri iddialarını təsdiq edə biləcək heç bir dəlil və sübut təqdim edə bilməyib.

Təəssüfedici haldır ki, AŞPA, AP, ATƏT PA müşahidə missiyaları, ATƏT Sədri və dünyanın müxtəlif ölkələrini təmsil edən müşahidəçilərdən ibarət çoxsaylı müşahidə qrupları tərəfindən seçkilərin müsbət qiymətləndirilməsi barədə bəyanatlarına baxmayaraq, Azərbaycana siyasi təzyiq etmək istəyənlər yalnız ATƏT/DTİHB müşahidə missiyasının qiymətləndirməsinə istinad edirlər. Bununla bağlı qeyd etmək istərdim ki, AŞPA və Avropa Parlamenti siyasi baxımdan daha vacib qurumlardır. Bu qurumlar Avropa inteqrasiya proseslərinin mərkəzində duran Avropa İttifaqının və İnsan Hüquqları Evi olan Avropa Şurasının Azərbaycan haqqında mövqe və fikirlərini ifadə edirlər. Digər tərəfdən, AŞPA, AP və ATƏT PA müşahidə missiyalarının üzvləri öz seçiciləri tərəfindən seçilmiş və ölkələrinin milli parlamentlərini təmsil edən tanınmış ictimai-siyasi xadimlərdir, onlar bir qayda olaraq, seçki prosesi haqqında kifayət qədər biliyə malik olan insanlardır. ATƏT/DTİHB müşahidə missiyasının üzvləri isə, bir qayda olaraq, ATƏT üzvü olan ölkələri təmsil edən orta və aşağı ranqlı məmurlardır, onların adətən seçki prosesi haqqında məlumatları çox az olur, bir sıra hallarda isə ümumiyyətlə məlumatsız olurlar və bir qayda olaraq, kiçik məmurlar olan DTİHB böyük məmurların tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə məcbur olmuşlar. Bu səbəbdən onlar bu və ya digər formada təsir altına düşməyə meylli olurlar. Odur ki, bəzi qüvvələr tərəfindən ATƏT/DTİHB müşahidə missiyasının qiymətləndirməsinə üstünlük verilməsi anlaşılan deyil.

ATƏT/DTİHB-nin məqsədi qərəzli hesabatla müxalifəti təxribata sövq etmək, bununla da iğtişaş yaradaraq ölkədə stabilliyi pozmaq və beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələməyə xidmət etməkdir.

Seçkilərin yekunu ilə əlaqədar bir məsələyə də xüsusi olaraq diqqəti cəlb etmək istəyirəm. ABŞ-dan 120-dən artıq nüfuzlu ictimai-siyasi xadim, keçmiş və hazırkı konqresmen və senatorlardan ibarət müşahidə missiyası seçkiləri müşahidə edərək müsbət bəyanat verdilər.

Bilavasitə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək (VCİD) İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində 69 seçki dairəsini əhatə edən 450 seçki məntəqəsində, o cümlədən ATƏT/DTİHB-in hesabatda istinad etdiyi Azərbaycan QHT-si olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin şimal bölgəsi üzrə koordinatorunun 6 dairədə keçirdiyi monitorinqin nəticələrinə əsasən də İlham Əliyev ölkənin 125 dairəsinin 75 dairəsində 81-85% səslə şübhəsiz qalib seçilib.

Eyni zamanda ABŞ-da birinci onluğa daxil olan “AJF & Associates, İnc.” Sorğu Şirkətinin və Fransanın “Opinion way” Tədqiqat İnstitutunun keçirdikləri exit-polların nəticəsi olaraq İlham Əliyevə müvafiq olaraq 83,7% və 84,9% səs verilməsi təsdiqlənib. Lakin bütün bu uğurları ATƏT/DTİHB görmək istəməyib.

Seçkilər ərəfəsində müxtəlif bəhanələrlə Azərbaycanda stabilliyi pozmaq istəyən qüvvələr də oldu. Onlar müxtəlif tədbirlər keçirərək Azərbaycan vətəndaşları olan müxtəlif etnik qruplara qarşı guya ayrı-seçkiliyin olması kimi iddialar ortaya qoymağa çalışdılar. Bu kontekstdə AVRONEST PA-nın Büro üzvü Gerben-Yan Gerbrandinin təşkilatçılığı ilə oktyabrın 3-də Avropa Parlamentində keçirilən “Azərbaycanda prezident seçkiləri: Odlar Yurdunu hansı gələcək gözləyir?” adlı tədbir xüsusilə qeyd edilməlidir. Biz hər hansı müzakirələrin əleyhinə deyilik, biz mövcud problemlərin müzakirələr yolu ilə həllinin tərəfdarıyıq.

Lakin Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin özəlliyi ondan ibarət idi ki, həmin tədbirə əksəriyyət etibarilə müxalifət mənsubları və milli azlıqların nümayəndələri dəvət edilmişdi. Həmin tədbirdə Azərbaycanda guya milli azlıqlarla bağlı problemlərin olması barədə absurd iddialar irəli sürüldü.

Hər hansı böhtan və iftiralara baxmayaraq bir məlum həqiqəti xüsusilə vurğulamalıyam ki, Azərbaycan çoxsaylı milli və dini qrupların dinc yaşadığı bir ölkədir, tarix boyu bu ölkədə nə etnik, nə də dini zəmində münaqişə olmayıb, Azərbaycan dünyada öz milli, etnik, dini tolerantlığı ilə nümunə göstərilən ölkələrdəndir. Ümumiyyətlə, üzümü Azərbaycanın bədxahlarına tutaraq Sizin üçün çox təəccüblü olsa da, mən fəxrlə demək istəyirəm ki, tarixlər boyu mənim ölkəm olan Azərbaycanda “milli azlıqlar”, “dini azlıqlar” kimi anlayışlar siyasi və sosial dövriyyədə olmayıb, biz bu anlayışlarla Sovet İttifaqında yox, yalnız Avropaya inteqrasiya prosesində qarşılaşmışıq. Bu iddiaları isə ancaq ölkəyə qarşı siyasi təzyiq kimi qiymətləndirmək olar.

ATƏT/DTİHB-nin 3 ilkin və aralıq hesabatlarında olan qərəzli seçki qiymətləndirməsinə Avropanın inzibati mərkəzi olan Brüsseldə fəaliyyət göstərən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) adlı nüfuzlu beynəlxalq təşkilat analitik materiallarla münasibət bildirib. Həmin açıqlamalarla www.esisc.org saytında tanış ola bilərsiniz.

ATƏT/DTİHB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi var - özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaq.

ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanın demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxış etməsi mənim üçün çox müəmmalıdır. Məlumata görə, xanımın nəsli (familiyası) çox əvvəllər insan alveri ilə məşğul olmuşdur. Onlar Afrikadan alınmış qulları digər ölkələrə satmaqla böyük var-dövlət və sərvət sahibi olublar. Demokratik cəmiyyətdə isə insan alveri insanlığa qarşı ən böyük cinayətdir. Azərbaycanda belə bir məsəl var: “Ot kökü üstə bitər”. Mən xanımın kökünü sizlərə açıqladım. Azərbaycanın uğurlarına kölgə salan bəzi “demokratların” mənə hücumlar edəcəyini çox yaxşı anlayıram. Mən həmin “demokratlardan” soruşuram: Sizlər sovet quruluşunun qurucuları olan Leninin, Stalinin, Beriyanın və digərlərinin nəslindən olan övladlarını bu gün insan haqlarının carçısı kimi qəbul edərək hər hansı bir demokratik dövlətin imicini formalaşdırmağı onlara tapşırardınızmı?..

Elxan Süleymanov

AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR