Ötən il Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı açılan cinayət işlərinin sayı artıb

Ötən il Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı açılan cinayət işlərinin sayı artıb
# 10 yanvar 2014 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən 519 cinayət işi başlanıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, əvvəlki illə müqayisədə 102 iş çoxdur.

Həmin cinayət işlərindən 212-si səyyar vergi yoxlamalarının nəticələri, 286-sı vergi borcunun ödənilməməsi, 15-i vergi nəzarəti tədbirlərinin nəticəsinə dair vergi orqanlarından, 6-sı isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə Departamentin İstintaq İdarəsində icraatda olmuş cinayət işlərindən 383-nün ibtidai istintaqı tamamlanıb. Bu işlər üzrə cəmi 122 nəfər barəsində 124 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə 259 işin icraatına xitam verilib, 20 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, 167 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə 31,364 mln. manat ödənilib ki, bu da 2012-ci illə müqayisədə 2,1 dəfə çoxdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 37 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 483 şəxsin məcburi qaydada gətirilməsi, 273 şəxsin tapılaraq istintaqa gəlmələri, 273 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 636 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR