Səməd Seyidov: "Bütün dünya işğalçının kim olduğunu bilir" - APA TV-yə MÜSAHİBƏSİ

<b>Səməd Seyidov: "Bütün dünya işğalçının kim olduğunu bilir" - <span style="color: red;"> APA TV-yə MÜSAHİBƏSİ </b>
# 07 fevral 2014 15:43 (UTC +04:00)

- AŞPA-nın budəfəki sessiyasını necə qiymətləndirirsiniz?

- AŞPA-nın yanvar sessiyası həm Azərbaycan üçün, həm də Avropa Şurasının özü çox vacib və əhəmiyyətli bir sessiya idi. Azərbaycan üçün ona görə vacib idi ki, biz 2014-cü ilin bu yanvar sessiyasından etibarən, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə hazırlaşırıq. İndi bizim bütün çıxışlarımız, komitədə və böyük Parlament Assambleyasında səsləndirdiyimiz fikirlər Azərbaycanın sədrlik dönəmi ilə bağlı məsələlər ətrafındadır. Bu sessiya Avropa Şurası üçün ona görə əhəmiyyətli idi ki, yeni prezident, yeni komitə sədrləri seçildi, partiya sədrləri gəldi. Beləliklə, Avropa Şurasında yanvar yeniləşməsi başlandı. Bu da təbii ki, bizim üçün çox əhəmiyyətlidir. Avropa Şurası ilə əlaqələrimiz konstruktiv şəkildədir və əminəm ki, bu istiqamətdə də davam edəcək.

- Sessiyanın ilk günü Azərbaycana qarşı səslənən tənqidi fikirlərlə bağlı sərt çıxışınız oldu. Bu barədə nə deyə bilərsiniz?

- Bu, birinci dəfə deyil. Gündəliyə baxsanız, görərsiniz ki, bu sessiyada birbaşa Azərbaycanla bağlı heç bir məsələ yoxdur və ola da bilməz. Çünki bu gün Avropanın gündəliyində çox vacib, əhəmiyyətli, bəzi hallarda xoşagəlməz məsələlər var. Məsələn, Ukraynada, Rusiyada olan vəziyyət diqqət çəkən məsələlərdir. Azərbaycanla bağlı belə vacib məsələ yoxdur. Dediyim kimi, Azərbaycan öz fəaliyyət planı üzrə işləyir, Avropa Şurası ilə gələcək əlaqələrini formalaşdırır. Amma Avropa Şurasında elə deputatlar da var ki, onlar Azərbaycana qarşı daim hansısa mövqe ilə, fikirlə çıxış etmək niyyətindədir. Bu sessiya da istisna olmadı. Bizə heç bir aidiyyəti olmayan məsələnin müzakirəsində onlar Azərbaycan məsələsini gündəmə gətirmək istədilər. Mən nümayəndə heyətinin rəhbəri və Azərbaycanı təmsil edən şəxs kimi buna reaksiya verməyə bilməzdim. Ona görə də Avropa Şurasının deputatlarından xahiş etdim ki, gözlərini açsınlar, düşünsünlər, ətraflı fikirləşsinlər. Azərbaycan bu gün iqtisadi cəhətdən, sabitlik, inkişaf nöqteyi-nəzərindən Avropanın ən öndəgedən ölkələrindən biridir. Bu gün Avropada inteqrasiyadan danışırlar. Amma Avropaya iqtisadi, mədəni və s. sahələrdə ən çox inteqrasiya edən ölkələrdən biri də Azərbaycandır. Amma yenə də görürsünüz ki, Azərbaycan nə qədər çox inkişaf edirsə, ona qarşı fikirlər bir o qədər çox səsləndirilir. Buna dərhal reaksiya vermək lazımdır. Bunun altında başqa proseslər, başqa maraqlar var. Ona görə də mən öz münasibətimi bildirdim. Onlar bəzi məsələləri gündəmə gətirməklə, Azərbaycanın ən ağır, ən çətin və Avropaya çox ciddi təsir göstərən Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq istəyirlər. Biz çox gözəl bilirik ki, bunun arxasında dayanan erməni lobbisidir. Ona görə də hər bir sessiyada, iclasda, müzakirədə Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini qaldırır və bundan sonra da qaldıracaq. Bir anlıq olsa belə, bu faciə yaddan çıxmamalıdır. Bu məsələ öz həllini tapana qədər, Azərbaycan nümayəndə heyəti problemi beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında gündəmdə saxlayacaq, və bununla bağlı məsələnin araşdırılmasını tələb edəcək. Ermənilər bu yaxınlarda sərhədlərdə yenə təxribat törətdilər. Hərbçiləri deyil, sadə Azərbaycan vətəndaşlarını, qadınları, uşaqları öldürür, girov götürürlər. Bu yüksək tribunadan istifadə edərək, bu məsələləri gündəmə gətirmək lazımdır. Azərbaycan məhz bu həqiqətləri dünyaya çatdırmaq üçün Avropa Şurasına üzv olub. Hərçənd, biz bilirik ki, bizə qarşı çox ciddi, güclü fəaliyyət göstərən bir lobbi var. Onlar öz əlləri ilə deyil, başqa ölkələrin, problemlərin vasitəsi ilə Azərbaycana təzyiq göstərirlər. Biz bunu çox gözəl bilirik və bu istiqamətdə Avropa Şurasında fəaliyyətimizi daim davam etdiririk.

- Avropa Şurasına Anna Brassör sədr seçiləndən aonra, qurumun Azərbaycana qarşı mövqeyində hansısa dəyişiklik gözləyirsinizmi?

- Avropa Şurasının öz qanun-qaydası var. Burada vəzifəli insanlar bir-neçə müddətdən sonra dəyişir. Rotasiya prinsipi bu təşkilatın qanun-qaydasıdır. Parlament Assambleyası tərkibində rotasiya prinsipi iki ildən bir baş verir. Yəni komitə, siyasi partiya, o cümlədən Avropa Şurası sədri iki ildən bir dəyişir. Avropa Şurasının öz dəyərləri və fəaliyyətinin təməl prinsipləri mövcuddur. AŞ bu prinsiplər uğrunda çalışır, mübarizə aparır və biz də məhz bu dəyərlərə görə AŞ-yə gəlmişik. Ona görə də hansısa şəxsin timsalında AŞ-nı təhlil etmək düzgün deyil. Hər bir insan AŞ rəhbərliyinə gələndə bilməlidir ki, biz hansısa şəxsə görə yox, məhz Avropa dəyərlərinə görə buradayıq. İkincisi də bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin gücü, təsir imkanları, bütün Avropada, dünyada gördüyü işlər hər bir Avropa məmurunu və təşkilatını Azərbaycanın sözü, hərəkəti, fikir, düşüncəsi ilə hesablaşmağa vadar edir. Bu gün Azərbaycan 15-20 il bundan əvvəl olan Azərbaycan deyil. Bugünki Azərbaycan Avropa siyasətini formalaşdıran, Avropa təhlükəsizliyi təmin edən, Avropa mədəniyyətinə öz töhfələrini verən Azərbaycandır. Belə bir ölkə ilə hesablaşmaq, onun sözünə qulaq asmaq, onun fikrini nəzərə almaq və onunla əməkdaşlıq etmək hər bir şəxsin vəzifə borcudur. Əminəm ki, xanım Anna Brassör özünün ikiillik fəaliyyətini bu istiqamətdə quracaq. Bunun başqa yolu da yoxdur. Özünüz də gördünüz ki, Anna Brassör sədrliyə gələndən dərhal sonra, o, Azərbaycan nümayəndə heyətinin rəhbərini öz ofisinə dəvət etdi. Biz Azərbaycan və Avropa Şurası arasındakı münasibətləri konstruktiv şəkildə müzakirə etdik. Mən onu təbrik etdim, o isə Azərbaycanın Avropa Şurasındakı gələcək sədrliyi ilə bağlı bizə uğurlar dilədi. Bundan başqa mən Avropa Şurası Bürosunun da üzvüyəm. Avropa Şurasına yeni prezident gələndən sonra, məhz bu sessiyada məndən xahiş etdi ki, qurumun enerji təhlükəsizliyi, Avropa-Azərbaycan münasibətləri ilə bağlı müzakirələrə sədrliyi mən edim. Bunun da rəmzi mənası da var. Bu Azərbaycan-Avropa Şurası münasibətlərinə müsbət mesaj kimi dəyərləndirilməlidir.

- Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyindən gözləntilərimiz nədir?

Bu böyük, tarixi bir hadisədir. Ona görə ki, biz 2001-ci ildə AŞ-ya üzv olmuşuq. Üstündən 13 il keçəndən sonra isə, Azərbaycan artıq AŞ-ya sədrlik etməyə başlayır. Təsəvvür edin, 13 il bundan qabaq quruma müstəqilliyini yenicə əldə etmiş, inkişaf etmək və Avropa ilə əlaqə qurmaq niyyətində olan bir ölkə gəlmişdi. O zaman Heydər Əliyev bu təşkilata üzvlük sənədinin altından imzasını qoymuşdu. Biz bu hadisəni çox gözəl xatırlayırıq. Zaman gedir, Azərbaycan inkişaf edir. Üstündən 13 il keçəndən sonra Azərbaycan tək Nazirlər Komitəsinə deyil, həm də bütün Avropa Şurasına sədrlik edir və biz bu nöqteyi-nəzərdən geniş fəaliyyət planı üzərində işləyirik. Həm Azərbaycanda, həm Avropa Şurasında müxtəlif tədbirlərin keçilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan-AŞ münasibətlərinin yeni müstəviyə ucaltmağı tələb edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, AŞ-ya rəhbərlik edəcək Azərbaycan bu qurumu öz ideyalarıyla zənginləşdirəcək və bir daha sübut edəcək ki, bizim məmləkət nəinki hansısa təsirə malikdir, hətta Avropanı idarə etməyə belə hazırdır. Azərbaycan tək Azərbaycanı yox, 47 ölkəni təmsil etməklə, iyun sessiyasında fəaliyyətə başlayacaq. Problemlər arasında öz həllini tapmamış münaqişələr də çox vacib məsələlərdəndir. Bu bizə imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, onun sülh yolu ilə həll edilməsi haqda fikirlərimizi, törədilən dəhşətli hadisələrlə bağlı məsələləri Avropa ictimaiyyətinə, millət vəkillərinə, Avropa təşkilatlarına çatdıraq. Azərbaycan bu imkandan istifadə edəcək və əminəm ki, bu fəaliyyəti ən yüksək səviyyədə həyata keçirəcək.

- Azərbaycanla bağlı məsələnin gündəmə salınması planlaşdırılırmı?

- Rəmzi desək, elə 6 ay müddətində gündəmdə Azərbaycan olacaq. Sədrlik edən biz olacağıq, iclasların böyük qismi Azərbaycanda keçiriləcək. Avropada iclaslar da Azərbaycan bayrağı altında keçiriləcək. Bundan gözəl nə ola bilər? Strasburqda, Fransada tək Azərbaycan bayraqları olacaq. Bu bayraq bizim üçün müqəddəsdir. Onun yolunda şəhidlər vermişik. Bu bayrağı Azərbaycan xalqı ucaldıb. Bu vacib məqamı hansısa hadisə ilə məhdudlaşdırmaq lazım deyil. Bütün Avropa Şurası 6 ay müddətində Azərbaycan bayrağı altında fəaliyyət göstərəcək.

-AŞ rəsmiləri Dağlıq Qarabağ məsələsi ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və onlara xüsusi bir təklif olunmadığını deyirlər. Bu barədə nə düşünürsünüz?

- Bunu düzgün şərh etmək lazımdır. Məsələn, Baş katib də dedi ki, bizə müraciət olunmayıb. Söhbət hansısa millət vəkillərinin müraciətindən getmir. Onlara Minsk qrupundan müraciət olunmadığı nəzərdə tutulur. Bəli, Minsk qrupunun fəaliyyəti qapalı çərçivədə yürüdülür. Həmsədrlər hər iki tərəfin siyasi rəhbərləri ilə danışıqlar aparır. Bizim məhz bu təşkilatdan istədiyimiz odur ki, heç olmasa, ən azı iki nümayəndə heyətini və iki tərəfin Dağlıq Qarabağ icmasını bir masa arxasına oturtsun. Bildiyiniz kimi, keçmiş prezidentin rəhbərliyi altında dəfələrlə mənim təkidim əsasında Ermənistan nümayəndə heyətini çəkib gətirmişdik. Onlar bizimlə birgə oturur, söhbətlər aparırdılar. Mən əminəm ki, yeni rəhbərliyin iradəsi çatacaq ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşsün və müzakirələr aparılsın. Söhbət danışıqlar prosesinə müdaxilə etməkdən getmir. Doğrudan da, danışıqlar prosesinin içində Minsk Qrupunun həmsədrləri , Xarici İşlər Nazirlikləri və dövlət başçıları iştirak edirlər. Bu aydın məsələdir və heç kəs buna müdaxilə etmək fikrində deyil. Amma bu danışıqlar ətrafında xalq diplomatiyası, millət vəkillərinin bu məsələyə köməklik göstərməsi və millətlərin bir-biri ilə əlaqələrinin yaradılması və ən əsası, həqiqətin gündəmə gətirilməsi çox vacib bir məsələdir. Biz bu məsələni dəfələrlə demişik və deyirik. Sizi əmin edirəm ki, yeni sədrin dövründə də bu məsələ AŞ-nın gündəliyində qalacaq.

- Azərbaycanın sədrliyi dövründə Ermənistanın təxribat xarakterli fəaliyyətlərinə qarşı hazırlığımız necədir?

- Ermənistan Azərbaycana qarşı işini görüb. Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, 1 milyon qaçqın problemini yaradıb, Xocalı soyqırımını törədib. Bundan artıq nə edə bilərlər? Bundan sonra onlar yalnız törətdikləri cinayətləri ört-basdır edə, dünya ictimaiyyətinə tamamilə yanlış məlumat çatdıra, Avropanı dezinformasiya etməklə, Azərbaycan haqqında səhv fikir yaratmaq istiqamətində fəaliyyət göstərə bilərlər. Bu birbaşa olaraq, Azərbaycanın Avropa Şurasına sədrliyi ilə bağlı ola bilməz. Biz də heç sadəlövh deyilik və yaxşı bilirik ki, onlar nəyə qadirdirlər, iş üslubları nədən ibarətdir. Səmimi deməliyəm ki, artıq Azərbaycana qarşı informasiya blokadası çoxdan yarılıb. Bu informasiya blokadasını yaran rəhmətlik Heydər Əliyev olub və indi də ölkənin bugünkü siyasi lideri İlham Əliyevdir. Biz də AŞ-də ölkə başçımızın siyasətini yüksək səviyyədə həyata keçirməklə məşğuluq və öz həqiqətlərimizi çatdırırıq. Həm AŞPA-da, həm Avropa Parlamentində, həm də istənilən ölkənin parlamentində kimdən soruşsanız, hər kəs biləcək ki, işğalçı dövlət kimdir, Xocalı soyqırımını kim törədib, Azərbaycanda qaçqın və məcburi köçkün problemini kim yaradıb. Bunları çox gözəl bilirlər. Sadəcə bilməkdən başqa, ikinci maneəni götürmək lazımdır. İkinci maneə isə erməni lobbisidir. Erməni dövləti müstəqil bir dövlət deyil, onun gücü yoxdur. Bu gücsüz dövlət öz müstəqilliyini çoxdan başqa bir dövlətə verib. Amma erməni dövlətindən başqa, ikinci güclü bir qurum var. Bu erməni lobbisidir. Prosesləri idarə edən odur. Pulları, imkanları, dövlətlərin içində öz adamları var. Bu əlaqələr illərlə formalaşıb. Böyük imkanlara malik bu ikinci qüvvə təbii ki, Azərbaycana qarşı işləyir. Dövlətlər artıq həqiqəti bilirlər. Amma oturub fikirləşirlər ki, bir tərəfdə güclü, hiyləgər, gözlənilməz zərbələr endirməyə hazır olan bu erməni lobbisi, o biri tərəfdə isə həqiqət uğrunda mübarizə aparan güclü, sivil, demokratik, Avropa dəyərlərini ən yüksək səviyyədə tətbiq edən Azərbaycan durub. Bu şərlə xeyir arasında təbii ki, xeyir qalib gəlir. Amma mən sizə deyim ki, mübarizə aparmağa hələ vaxt, imkan lazımdır. Ona görə ki, şərlə hər zaman mübarizə aparmaq lazımdır. Artıq qalib gəldiyimizi fikirləşərək, rahatlaşmaq qəti olmaz. Azərbaycan nə qədər inkişaf edəcək, yüksələcək, onun gücü çoxalacaqsa, bir o qədər də Azərbaycana başqa gözlə baxanlar çoxalacaq. Ona görə də heç zaman rahatlaşmamalıyıq ki biz artıq işimizi gördük. Biz həmişə Azərbaycan naminə fəaliyyətdə olmalıyıq, onun müdafiəsi üçün əlimizdən gələni etməliyik, müstəqilliyimizi qorumalıyıq və bayrağımızı hər zaman uca tutmalıyıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR