Qalin İvanov: “Özümü “Xəzər Lənkəran”da sübut edəcəyəm”

Qalin İvanov: “Özümü “Xəzər Lənkəran”da sübut edəcəyəm”
# 27 iyun 2014 10:28 (UTC +04:00)

Bakı – APA. “Düzdü, başqa təkliflərim var idi. Sofiyanın “Levski” və bir Qazaxıstan klubu məni heyətində görmək istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında hazırda “Xəzər Lənkəran”ın düşərgəsində olan bolqarıstanlı futbolçu Qalin İvanov deyib.

5 gündür Ərzurumda növbəti mövsümün hazırlıqlarını davam etdirən “ağ-yaşıllar”ın yaxın günlərdə İvanovla müqavilə bağlayacağı gözlənilir. 1 illik müqaviləyə imza atacağını istisna etməyən 26 yaşlı yarımmüdafiəçi əməkdaşımızla söhbətində cənub təmsilçisinə üstünlük verməsinin səbəbini açıqlayıb.

“Səmimi desəm, “Xəzər Lənkəran” haqda geniş məlumatım olmasa da, Azərbaycanda sayılıb-seçilən, iddialı klublardan biri olduğunu eşitmişdim. Üstəlik, istəyimə uyğun təklif gəldiyi üçün elə bu kluba üstünlük verdim” – deyə, İvanov bildirib.

Təlim-məşq toplanışı barədə danışan bolqarıstanlı legioner vurğulayıb ki, növbəti mövsümdə özünü Azərbaycanda daha yaxşı tərəfdən göstərməyə çalışacaq: “Hazırda hər şey əladır. Məşqlərdə canla-başla iştirak edirəm. İstəyirəm ki, bütün komanda üzvləri haqqımda yüksək fikirdə olsunlar. Daim start heyətində oynamaq, komandaya xeyir vermək üçün hər şeyi edəcəm. Bu komandanın mənim üçün uğurlu olacağına inanıram”.

Son illər karyerasının uğursuz alınmasına gəlincə, Qalin qarşıdakı mövsümdə hər şeyin fərqli olacağını deyib: “Düzdü, son vaxtlar karyeram uğurlu olmadı. Amma özümü “Xəzər Lənkəran”da sübut edəcəyəm. Yeni komandam iddialıdır. Mən də “Xəzər Lənkəran”ın mükafatçılar sırasına düşməsi üçün əlimdən gələni edəcəyəm. Azərbaycan çempionatının səviyyəsindən də xəbərim var. Həmyerlilərim Radomir Todorovla İvan Svetkovun bu komandada oynamasını bilirəm. Amma ölkəniz haqda geniş məlumatım yoxdu. Bu səbəbdən də ətraflı danışa bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR