Azərbaycanın kənd təsərrüfatı naziri Fransaya dəvət olunub - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri Fransaya dəvət olunub - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 12:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluççinin rəhbərlik etdiyi Fransadan olan nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov kənd təsərrüfatı naziri təyinatından sonra ilk görüşünün Fransa nümayəndə heyəti ilə olduğunu, Fransa və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində bir nazir kimi maraqlı olduğunu bildirib.

Nazir iki ölkə arasında müəyyən olunmuş proqramların bundan sonra da davam etdiriləcəyi və intensivləşdiriləcəyinə əminliyini ifadə edib və Fransa tərəfindən yeni təkliflər gözlədiyini nəzərə çatdırıb.

A.Vilye gələn ilin mart ayında Fransada təşkil olunacaq kənd təsərrüfatı sərgisinə H.Əsədovu dəvət edib və Azərbaycana gəlmiş nümayəndə heyəti tərkibində üzümçülük və şərabçılıq sahəsi üzrə mütəxəssislərin olduğunu qeyd edib. Qonaq Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və başlanmış proqramların uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

F.Kasteluççi isə Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olduğunu və ölkənin süfrə və texniki üzüm sortlarının istehsalı sahəsində böyük potensiala malik olduğunu bildirərək, fransalı ekspertlərin Azərbaycana göndərilməsini, hər iki ölkə arasında kadr hazırlığı üzrə proqramların həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Yekunda nazir H.Əsədov bu görüşlərin mütəmadi olacağını və gələcək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə öz töhfəsini verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR