Azərbaycanın İtaliyadakı səfirliyi Romanın Brankaço sarayında konsert təşkil edib

Azərbaycanın İtaliyadakı səfirliyi Romanın Brankaço sarayında konsert təşkil edib
# 10 may 2013 19:34 (UTC +04:00)

Bakı-APA. Romada Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyi tərəfindən Roma şəhərinin Brankaço sarayında konsert keçirilib. Bu barədə APA Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinə istinadən məlumat verir.

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirdə giriş nitqi ilə çıxış edərək, 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir rəhbərə ehtiyac olduğunu şərtləndirdiyini qeyd edib. Həmçinin, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, dünya ölkələri ilə sıx əlaqələr yaradılmasında və xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynadığını bildirib.

Daha sonra İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande çıxışında Heydər Əliyevin Azərbaycanın dünya arenasında tanınmasında və Azərbaycan-İtaliya əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Həmçinin, İtaliya və Azərbaycanın coğrafi uzaqlığına baxmayaraq ölkələrimizin mədəniyyətlərinin oxşar olduğunu və günü-gündən bütün sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini ifadə edib.

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, gənc skripkaçı Elvin Qəniyev, pianoçu Nərminə Qəniyeva, tenor Yusif Eyvazov, eləcə də İtaliyanın məşhur Santa Çeçilia Musiqi Akademiyasının simli musiqi alətləri ansamblı Azərbaycan, İtaliya və digər Avropa musiqisindən inciləri ifa ediblər.

Tədbirdə İtaliyanın dövlət orqanlarının, elm, təhsil və işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və İtaliyadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər. Konsert böyük rəğbətlə qarşılanmış və anşlaqla keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR