Vergi orqanları «Playeda» mebel salonu və «Ağsu» şadlıq evinin əmlakını siyahıya alıb

 Vergi orqanları «Playeda» mebel salonu və «Ağsu» şadlıq evinin əmlakını siyahıya alıb
# 10 yanvar 2014 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən «Playeda» mebel salonu və «Ağsu» şadlıq evinin əmlakını siyahıya alıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhər Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Q.Qarayev prospekti,106 ünvanda yerləşən, fiziki şəxs İbrahim Ziyəddin oğlu Abdullayevə məxsus «Playeda» mebel salonunda əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.

Mağazanın fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən onun 6 294 manat məbləğində borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və 2 900 manatlıq müxtəlif növ mebel dəstləri müəyyən edilmiş qaydada siyahıya alınıb.

Daha bir əmlakın siyahıya alınması tədbiri Binəqədi rayonu, Əhməd Rəcəbli prospekti,3103-cü məhəllədə fiziki şəxs İlqar Əsəd oğlu İsmayılova məxsus «Ağsu» şadlıq evində həyata keçirilib. Şadlıq evinin 6 207 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və 6 760 manatlıq məişət avadanlıqları və mebel dəstləri müəyyən edilmiş qaydada siyahıya alınıb.

13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, Zaqatala şəhəri Vasif İsmayılov küçəsində fəaliyyət göstərən vergi ödəyicisi, fiziki şəxs Natiq Ramis oğlu Nəbiyevin 735 manat vergi borcu olduğundan, borcun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 1000 manat dəyərində müxtəlif növ tütün məmulatları müvafiq qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR