“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub

“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
# 27 dekabr 2013 07:58 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds və inzibati işlər üzrə meneceri Fariz Səlimov Bakı Ali Neft Məktəbində olub.

Məktəbdən APA-ya verilən məlumata görə, qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsil və milli kadrların hazırlanması istiqamətində böyük işlər həyata keçirildiyini vurğulayıb.

E. Qasımov deyib ki, bu yaxınlarda Azərbaycana böyük investisiyalar qoymuş Böyük Britaniyanın “British Petrolum” şirkəti ilə ARDNŞ arasında 2018-ci ilədək kadr potensialının milliləşdirilməsi memorandumu bu istiqamətə görülən işlərin daha da sürətləndirilməsinin və inkişafının göstəricisidir. BANM-in Dövlət Neft Şirkətinin strukturunda fəaliyyət göstərən ali təhsil müəssisəsi olduğunu bildirən rektor buna əsas səbəbin artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin həyata keçirdiyi layihələrdə işləyə biləcək kadr ehtiyatının formalaşdırılması olduğunu vurğulayıb. Məktəbin Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əməkdaşlığı və birgə fəaliyyəti haqqında qonaqlara məlumat verən E.Qasımov bildirib ki, ali məktəbdə dərslər ingilis dilində adı çəkilən universitetin tədris proqramlarına əsasən həyata keçirilir.

Rektor, BANM ilə “KCA Deutag” şirkəti arasında əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib və tələbələrin onların şirkətlərində gələcəkdə təcrübə keçmələri üçün şərait yaradılmasını xahiş edib.

“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds vurğulayıb ki, Azərbaycanda neft-qaz sənayesi dinamik inkişaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. O, qeyd edib ki, “KCA Deutag” şirkəti qazma sahəsində fəaliyyət göstərən bir beynəlxalq şirkətdir və bu gün 20 ölkədə 100-dən çox qurğuları var. Azərbaycanda uzun zamandır fəaliyyət göstərdiklərini bildirən Filip Vuds bildirib ki, müasir standartlara cavab verən kadrların yetişdirilməsində onlar da maraqlıdırlar və bu istiqamətdə şirkət olaraq bir çox işlər görürlər və bir çox layihələrə dəstək olurlar.

O bildirib ki, Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran “KCA Deutag” şirkəti üçün Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması olduqca vacibdir.

Görüş çərçivəsində “KCA Deutag” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlığın istiqamətləri müzakirə edilib və razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR