ABŞ Qarabağ Fondunun sədri 28 May Respublika gününə həsr olunmuş tədbirdə iştirak edib

ABŞ Qarabağ Fondunun sədri 28 May Respublika gününə həsr olunmuş tədbirdə iştirak edib
# 29 may 2015 12:46 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsilə tədbirlər davam edir.

İB-dən APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri də, 28 May Respublika gününə həsr olunub. Tədbirdə qonaq qismində Azərbaycanda səfərdə olan ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun sədri Diana Cohen Altman iştirak edib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov qeyd edib ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hər bir Azərbaycan vətəndaşının qəlbini milli qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli bir gündür: “Həmin gün Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı elan olunub. Həmin andan etibarən qısa vaxt ərzində Azərbaycanın dövlət rəmzlərinin atributları qəbul edilib, dövlət sərhədləri müəyyən olunub, vətəndaşların hüquq bərabərliyinin təminatı, ana dilinin dövlət dili elan edilməsi, həmçinin milli dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində mühüm addımlar atıldı. Ancaq təəssüflər olsun ki, qan bahasına əldə edilən müstəqillik uzun çəkmədi. Azadlıq və xoşbəxtlik rəmzi olan milli bayrağımız cəmi 23 ay dalğalanıb”.

Birliyinin sədr müavini Həbib Misirov Ulu öndər Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.

D. Altman - 28 May Respublika günü münasibəti ilə öz təbriklərini çatdıraraq bildirib ki, müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqınızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.

O, Azərbaycanda bütün dünyanın diqqətlə izlədiyi I Avropa Oyunları keçiriləcəyini vurğulayıb: “Bu Sizin dünyada artan nüfuzunuzun və iqtisadi inkişafınızın sürətlə inkişaf etməsi deməkdir. Siz xoşbəxt xalqsız ki, sizin çox savadlı, müasir düşüncəli, dünyanı idarə edə bilən güclü lideriniz var”.

Qonaq rəhbərlik etdiyi Qarabağ fondunun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Azərbaycan həqiqətləri barədə Amerika ictimaiyyətinə müntəzəm olaraq məlumat verir. Bununla bağlı silsilə olaraq, Qarabağla, mədəniyyətimizlə bağlı maarifləndirici tədbirlər təşkil edir. O, Azərbaycan - ABŞ əlaqələri, ABŞ-da keçirdiyi lobbiçilik fəaliyyəti barədə ətraflı məlumat verib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Sonda məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR