Vəcihə Səmədovanın bədii albomunun təqdimatı keçirilib

Vəcihə Səmədovanın bədii albomunun təqdimatı keçirilib
# 22 may 2015 19:35 (UTC +04:00)

APA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov “Xalq Əmanəti” layihəsinin on ikinci nəşrinin görkəmli rəssam Vəcihə Səmədovaya həsr olunmasını yüksək qiymətləndirib. Ö. Eldarov bildirib ki, layihə çərçivəsində indiyədək xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev və digər sənətkarların əsərlərindən ibarət sərgilər keçirilib, bədii albomlar nəşr edilib.

İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova “Rəngkarlıq və qrafika” bədii albomunun V. Səmədovanın yaradıcılığının müxtəlif mərhələlərini əhatə etdiyini qeyd edərək, bu cür layihələrin Azərbaycan mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirib.

Təqdimat mərasimində qeyd olunub ki, bütün nəşr olunmuş kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Vəcihə Səmədovanın əsərlərinin ekspozisiyası mayın 23-dən avqustun 23-dək “Xalq Bank”ın baş ofisində və “Gəncə” filialında fəaliyyət göstərəcək. Qeyd edək ki, layihənin rəhbəri Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR