“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirilib - FOTOSESSİYA - VİDEO

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 may 2015 21:02 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər. Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot). Layihənin rəhbəri Arzu Əliyeva və prodüseri Lui Vodevil mərasimdə çıxış ediblər. Sonra film nümayiş olunub.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb. Bu şirkətin ikinci Dünya müharibəsindən bəhs edən digər filmini – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.

Filmdə ikinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir. Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Film mayın 8, 9 və 10-da “National Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR