Aydın Əliyev TÜSİAB rəhbərliyi ilə görüşüb

Aydın Əliyev TÜSİAB rəhbərliyi ilə görüşüb
# 24 iyun 2016 16:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sədri Cəlil Polatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev ilk olaraq C. Polatı TÜSİAB sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi mühitdə qardaş Türkiyə ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən komitə sədri gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

DGK sədri dünyada baş verən son iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini qonaqların diqqətinə çatdırıb.

Komitə sədri gömrük işinin səmərəli təşkili sahəsində görülən işlərdən bəhs edərək, müasir dünyanın çağırışlarına cavab verən qanunvericilik bazasının hazırlanıb həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi və maddi-texniki bazanın dünya standartları səviyyəsində qurulması, kadrların potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. A. Əliyev DGK-nın daim sahibkarlarla, o cümlədən türk iş adamları ilə görüşlər keçirdiyini və bu kimi tədbirlərin, keçirilən ikitərəfli görüşlərin, aparılan müzakirələrin gömrük-biznes əməkdaşlığının, sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verdiyinə əminliyini ifadə edib.

C. Polat son dövrlərdə biznes mühitinin və sahibkarlıq fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları dəstəklədiklərini və bu islahatların türkiyəli iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar türkiyəli iş adamları ölkəmizə investisiya yatırmağa, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasında öz töhfələrini verməyə maraqlıdırlar və bu istiqamətdə TÜSİAB müvafiq tədbirlər həyata keçirir.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR