Azərbaycanın elmi nəşrləri “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olacaq

Azərbaycanın elmi nəşrləri “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olacaq
# 15 aprel 2013 16:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki, Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız və agentliyin Türkiyə təmsilçisi Mətin Tunç ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hələlik Azərbaycanda dərc olunan yalnız bir jurnalın “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil edildiyini söyləyən təhsil naziri onların sayının artması, azərbaycanlı alimlərin məqalələrinə istinad indeksinin yüksəlməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə çatdırıb.

M.Mərdanov Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edildiyi haqda qonaqlara məlumat verib. O, Azərbaycana “Tomson Röyters” Agentliyinin məlumat bazasından istifadə hüququnun verilməsi istiqamətində müvafiq sənədlərin hazırlanması üçün bir sıra digər dövlət qurumları ilə birgə işlərin görüldüyünü nəzərə çatdırıb.

“Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki qeyd edib ki, Azərbaycanın elmi nəşrlərinin “Tomson Röyters” Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olunması, impakt faktoru olan beynəlxalq elmi jurnallarda azərbaycanlı alimlərin daha çox məqalələrinin dərc edilməsi və digər istiqamətlər üzrə uğurlu nəticələrin qazanılması üçün agentlik tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək.

“Tomson Röyters” Agentliyinin Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız isə vurğulayıb ki, ilkin olaraq ali təhsil müəssisələrinin nümayəndələri, elmi jurnalların kollektivləri və alimlər üçün müvafiq seminarlar təşkil ediləcək, qarşıya qoyulmuş hədəflərə uyğun strategiya müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR