Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək - FOTO

Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək - <span style="color: red;">FOTO
# 20 oktyabr 2014 12:12 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayonu oktyabrın 22-dən 27-dək olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə (ISSF WORLD CUP FINAL 2014) ev sahibliyi edəcək. APA-nın yerli bürosunun xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edəcək. “Qəbələ” Atıcılıq Klubundan verilən məlumata görə, bu il ərzində dünya kuboku uğrunda yarışlar dünyanın müxtəlif ölkələrində 7 mərhələdə (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçiriləcək dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçiriləcək final yarışlarında dünyanın 40-a yaxın ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonağın, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanın, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayberin və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də iştirak edəcəyi gözlənilir.

Azərbaycanı bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edəcək. Qeyd edək ki, turnirin rəsmi açılış mərasimi oktyabr 22-də Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunacaq. Yarışlara isə oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Oktyabrın 23-dən 27-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsilə ilə canlı olaraq yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR