Bakıda Azərbaycan-Belçika biznes forumu keçirilib

Bakıda Azərbaycan-Belçika biznes forumu keçirilib
# 30 aprel 2015 15:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Belçika biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, İKT, sənaye, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 120-dən çox şirkətin nümayəndəsi iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycan ilə Belçika Krallığı arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Nazir müavini biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.

S. Babayev ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə olduğunu bildirib: “Son 10 ildə ölkədə ÜDM 3 dəfə, investisiyaların həcmi 4,6 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, xarici ticarət dövriyyəsi 4,3 dəfə artıb. Azərbaycan iri regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır. Belçika ilə ticarət əlaqələri genişlənir. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30%, bu ilin birinci rübündə isə 66% artıb.

Nazir müavini indiyədək Azərbaycanla Belçika arasında 7, o cümlədən iqtisadi sahədə 3 sənədin imzalandığı, Azərbaycanda ticarət, tikinti, xidmət, nəqliyyat, rabitə, sənaye və s. sahələrdə 17 Belçika kapitallı şirkətin fəaliyyət göstərdiyi diqqətə çatdırıb: “Bununla belə kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq və təhsil sahəsində əməkdaşlığın genişlədirilməsi üçün böyük potensial mövcuddur”.

P. De Krem ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Bu günkü biznes forumda Belçikanın 60-a yaxın aparıcı şirkətlə təmsil olunması Azərbaycana, Azərbaycan iqtisadiyyatına artan marağın göstəricisidir.

P. De Krem ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən belə tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan Azpromo rəhbəri belçikalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra Belçika Krallığının Valloviya regionunun Xarici Ticarət və İnvestisiya Agentliyinin (AWEX) baş inspektoru Çantal De Bleun ölkəsinin iqtisadiyyatı və biznes mühitinə dair təqdimatla çıxış edib. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Sonra S. Babayev Belçikanın xarici ticarət üzrə dövlət katibi Pieter De Kremin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR