Sumqayıtda qanunsuz bank fəaliyyətinin qarşısı alınıb

Sumqayıtda qanunsuz bank fəaliyyətinin qarşısı alınıb
# 02 iyul 2016 14:33 (UTC +04:00)

Bakı-APA. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. Palatadan APA-ya verilən məlumata görə, iclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkarlanıb və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib. “Banklar haqqında” qanuna müvafiq olaraq, Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edib. Palata bildirir ki, Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR