Azərbaycanın baş infeksionisti Namiq Əliyev: “Azərbaycanda qripin heç bir növü aşkarlanmayıb”

Azərbaycanın baş infeksionisti Namiq Əliyev: “Azərbaycanda qripin heç bir növü aşkarlanmayıb”
# 01 mart 2013 12:26 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna təcili yardım stansiyasının həkimləri məlumat verib. Həkimlərin bildirdiyinə görə, hal-hazırda kəskin respirator virus infeksiyasına yoluxmalara görə çağırışlar 3 dəfə artıb. Hər il yeni ştamplı qrip virusları əmələ gəlir ki, bu da bəzən dərmanın təsirinə tabe olmur. Həkimlər izah edir ki, yanvar ayında, əsasən Aran bölgəsində havaların isti keçməsi və sonradan soyuması, eyni zamanda havaların rütubətli keçməsi insan orqanizminin virus infeksiyasına yoluxmasına münbit şərait yaradır. Məhz bu səbəbdən yeni ştamplı virus Aran bölgəsində çox sürətlə yayılır. Bir çox hallarda virusa bütövlükdə ailə üzvləri yoluxur. Xəstəliyə tutulanlar, əsasən kəskin baş ağrıları, quru öskürək, nəfəs yollarının zədələnməsi, sümüklərin ağrısı və yüksək hərarətdən şikayətlənirlər. Aptek sahiblərinin bildirdiyinə görə, son günlər apteklərə müraciət edən sakinlərin əksəriyyəti qrip və öskürək əleyhinə olan dərman preparatlarını kütləvi şəkildə alırlar.

Həkimlər onu da qeyd ediblər ki, virusun “donuz qripi” olması barədə gəzən şayiələrin heç bir əsası yoxdur. Çünki virusa yoluxanların əksəriyyəti 3-4 gün ərzində, maksimum bir həftəyə sağalır.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Milli Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev isə APA-ya açıqlamasında deyib ki, bu gün Gürcüstanda və dünyanın bir çox ölkələrində insanların “donuz” və “quş” qripləri, o cümlədən mövsümi qripdən insanların ölməsi inandırıcı görünmür. Çünki birinci növbədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mənbələrində qeyd edilir ki, hələlik dünyanın heç bir ölkəsində “donuz” və ya “quş” qripi aşkarlanmayıb: “A/H1N1 virusu adi mövsümi qrip xəstəliyidir. Əgər Gürcüstanda qeydə alınan da adi qrip infeksiyasıdırsa, onun Azərbaycan keçmə ehtimalı ola bilməz. Adi və mövsümi qripdən isə ölüm halları çox nadir hallarda qeydə alınır. Sadəcə hansısa ciddi xəstəlikdən əziyyət çəkən insanlar qripə yoluxduqda və vaxtında qarşısı alınmadıqda bu, ölümlə nəticələnə bilər. Ola bilsin ki, Gürcüstanda da baş-beyin, ürək xəstəliklərindən əziyyət çəkən insanlar qrip xəstəliyinə yoluxub ki, bu da onların digər xəstəliklərinin ciddiləşməsi və ölümlə nəticələnməsinə şərait yaradıb”.

N. Əliyev vurğulayıb ki, bu gün Azərbaycanda insanlar arasında qeydə alınan soyuqdəymə və qrip xəstəliyi mövsümi xarakterlidir. Onun sözlərinə görə, hazırda ölkədə heç bir qrip epidemiyası aşkarlanmayıb: “Azərbaycanda qriplə bağlı vəziyyət sabitdir və qripin heç bir növü aşkarlanmayıb. Elmi-Tədqiqat Milli Profilaktika İnstitutuna da qrip mənşəli xəstəliklərlə bağlı hər hansı müraciət daxil olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR