“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda tədbir keçirilib - FOTO

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2015 11:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Humanitar Elmlər Bölməsi və Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyət daşıdığını, bu zəfərin qazanılmasında 3 minə yaxın azərbaycanlının iştirak etdiyini söyləyib. Prezident İlham Əliyevin Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Türkiyədə keçiriləcək bayram tədbirlərində iştirakının xalqlar tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan İ. Həbibbəyli 1918-ci il Bakıda, eləcə də Azərbaycanın bir sıra bölgələrində azərbaycanlılarla türkiyəlilərin çiyin-çiyinə erməni daşnaklarına qarşı birgə vuruşduğunu xatırladıb.

Sonra “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 iliyinə həsr edilmiş “Torpaq, uğrunda ölən varsa Vətəndir!” sənədli filminin təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyi ilə Türkiyə səfirliyinin birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş ən yaxşı bədii əsər müsabiqəsinə start verildiyini nəzərə çatdırıb. O, müsabiqənin şərtləri barədə məlumat verib, alim və jurnalistləri müsabiqədə iştiraka dəvət edib.

Elmi-ədəbi gecədə AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlının “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Türkiyənin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meral Barlas, xalq şairi Zəlimxan Yaqub, Beynəlxalq Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının rəhbəri Seyfəddin Ayaqyay və digərləri tədbirdə çıxış edərək Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR