Milli Məclis Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə edib

Milli Məclis Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə edib
# 29 iyun 2012 10:47 (UTC +04:00)
Qüdrət Həsənquliyev: “Cinayət Məcəlləsində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutduğumuz halda döyülməni bu məcəllədən çıxarmaq məntiqli deyil”

Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisdə Azərbaycanın Cinayət Məcəlləsində dəyişikliklər müzakirə olunub. APA-nın məlumatına görə, Cinayət Məcəlləsindən döymə maddəsi çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə transfer olunub. Məcəllədə işgəncə sözü əzab sözü ilə əvəzlənib. Dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsində sağlamlığa xəsarət yetirmə maddəsi əlavə edilir və döymə də bu maddədə əksini tapacaq.

Cinayət Məcəlləsinin 133-cü maddəsinin adı (İşgəncə vermə) dəyişdirilərək «Əzab vermə» adlandırılıb. Bu maddənin 133.1 maddəsində mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağır və psixi iztirab verməyə görə cəzanın müddəti 3 ildən 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etməyə, eyni əməl işgəncə verməklə törədildikdə verilən cəzanın müddəti (əvvəl 3 ildən 7 ilədək olub) 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına endirilib.

Layihəyə münasibət bildirən deputat İlyas İsmayılov deyib ki, burada ən geniş yayılmış cinayəti cərimə ilə əvəzləməyə cəhd göstərilir: “Bu, qəbuledilməzdir. Burada söhbət insan ləyaqətindən gedir. Hüquq dövlətində də insan ləyaqəti hüququn bütün gücü ilə qorunmalıdır”.

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kimsə kimin qulağının dibinə bir şillə vurursa, burada söhbət xəsarət yetirməkdən deyil, şəxsiyyətin alçaldılmasından gedir: «Məişət zorakılığında da ən geniş yayılmış hal döyülmədir. Döyülmə geniş yayılıbsa, biz cəzanı sərtləşdirməliyik. Bu, hüququn fəlsəfəsidir. Daha sonra da bu cinayətlərin artmasının səbəbi araşdırılmalıdır. Biz Cinayət Məcəlləsində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutduğumuz halda döyülməni bu məcəllədən çıxarmaq məntiqli deyil”.

Deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda çox vaxt biri digərinə şillə vuranda hüquq-mühafizə orqanları guya onları barışdırmaq adı ilə hər iki tərəfdən rüşvət alırlar: “Buna görə də işlərin çoxu məhkəməyə gedib çıxmır. Biz hər dəfə cəzaların sayını deyil, cərimələrin miqdarını artırırıq. Bu, dünya praktikasına uyğundur”.

Milli Məclisdə Cinayət Məcəlləsinə kibercinayətlərlə bağlı əlavələr də müzakirəyə çıxarılıb. Məcəllənin kibercinayətlər adlanan 30-cu fəslinə uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlı 171-1 maddə də əlavə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR