Azərbaycan prezidenti Bakıda beşulduzlu “Four Seasons” hotelinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda beşulduzlu “Four Seasons” hotelinin açılışında iştirak edib
# 03 sentyabr 2012 14:35 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra orada yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, “Four Seasons Hotel Baku” məşhur “Four Seasons” hotellər şəbəkəsinin dünyadakı 90-cı hotelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən hoteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla 171 geniş otaq, klassik interyer yaradılıb. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcəklər.

Bildirilib ki, hoteldə iki ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün beş konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən “Jaleh Spa” var.

Hoteldə italyan mətbəxinin təamlarının təklif edildiyi “Zafferano” restoranı, çay və ləziz desertlər üçün “Piazza Launge”, “Bentley” barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi “Kaspia” restoranında özəl ziyafətlər üçün kiçik “Qarabağ” zalı da var.

Diqqətə çatdırılıb ki, 350 nəfər işçisi olan hotelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşərək, onları təbrik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR