İran “altılıq”la müzakirələrin Bağdadda keçirilməsini istəyir

İran “altılıq”la müzakirələrin Bağdadda keçirilməsini istəyir
# 04 aprel 2012 11:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında planlaşdırılan müzakirələr İraqın paytaxtı Bağdad şəhərində keçirilməlidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hüseyn Nəqəvi Hüseyni deyib. O bildirib ki, İraq müzakirələrin keçirilməsi üçün uyğun yerdir: ““Altılıq” ölkələri artıq İrana ön şərt qoya bilməzlər. Biz aprelin 13-də keçiriləcək müzakirələrə ciddi şəkildə qatılacağıq. Biz nüvə fəaliyyətimiz barəsində “altılıq” ölkələrinə deyil, yalnız Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verə bilərik”.

H. Hüseyni bu günlərdə Türkiyənin İstanbulda “Suriyanın dostları” adlı konfrans təşkil etdiyinə və İrandan neft ixracını azaltmaq barədə qərar qəbul etdiyinə görə müzakirələrin bu ölkədə keçirilməsinin məqsədəuyğun olmadığını vurğulayıb.

İraqın Xarici İşlər Nazirliyi isə İranla “altılıq” arasında müzakirələrin aprelin 13-14-də Bağdadda keçirilməsinə müsbət yanaşdığını açıqlayıb. İraq xarici işlər naziri Xoşyar Zəbari aprelin 2-də axşam saatlarında İran nümayəndə heyəti ilə görüşüb. Görüşdə İraq xarici siyasət idarəsinin rəhbərinin müzakirələrin Bağdadda keçirilməsinə müsbət baxdığı və bunun üçün lazımi şərait yaratmağa hazır olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR