TQDK sədri: “Sabah keçiriləcək buraxılış imtahanlarına hazırlıq yüksək səviyyədə həyata keçirilib”

TQDK sədri: “Sabah keçiriləcək buraxılış imtahanlarına hazırlıq yüksək səviyyədə həyata keçirilib”
# 01 iyun 2012 09:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, imtahanın təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərin hamısını açıqlamaq fikrində deyil: “Bu işə qarışmaq istəyənlərə bələdçi olmaq istəmirəm. Onu deyə bilərəm ki, imtahandan bir gün əvvəl bütün binalar yoxlanılır, möhürlənir və mühafizə üçün müvafiq orqanlara təhvil verilir. Sabah səhər möhürlər açılandan sonra imtahan binaları yenidən yoxlanacaq. Əgər hansısa bir otaqda möhür əvvəldən açılıbsa, o bina yenidən yoxlanacaq”. TQDK sədri deyib ki, sabah 100-ə yaxın ucqar kənd məktəbində də buraxılış imtahanı keçiriləcək. Həmin məktəblərinin təhlükəsizliyini yoxlayan heyət 1 gün əvvəldən rayonlara göndərilib”.

TQDK sədri buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə və valideynlərə müraciət edib: “Valideynlər və şagirdlər imtahan prosesinə məsuliyyətli yanaşmalıdırlar. Təəssüflər olsun ki, bəzi valideynlərin səhlənkarlığı nəticəsində uşaqlar imtahandan əvvəl stress keçirirlər. Hansısa sənədi unudurlar və ya tıxaca düşürlər. Ona görə də imtahana lazım olan sənədləri bir gün əvvəldən hazırlamaq və imtahan binasına tez gəlmək lazımdır. Uşaqlarına bilə-bilə hansısa yardımçı vasitələr vermək həmin uşağın nəticəsini əvvəlcədən “0” etmək deməkdir. Belə valideynlər öz uşaqlarını uçuruma aparır”.

TQDK sədri deyib ki, imtahanda suallar qəbul imtahanları ilə müqayisədə asan olacaq: “3” almaq üçün 10-12 suala cavab vermək kifayətdir. İlk sualları asan, sonrakı suallar orta səviyyəli, sonuncu suallar isə qismən çətin olacaq. Sabah imtahan bitən kimi iyunun 3-də keçirilən imtahana hazırlıq başlayacaq”.

Qeyd edək ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR