Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafına dair tədbir keçirilib

Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafına dair tədbir keçirilib
# 24 fevral 2012 13:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabət qabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Aran regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və narçılıqla məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib. Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırıb.

N.Səfərov son 8 ildə ÜDM-in 3 dəfə, qeyri-neft sektorunun 2,2 dəfə, ixracın 10,3 dəfə artığını, yoxsulluq səviyyəsinin isə 5,9 dəfə azaldığını vurğulayıb. Qeyd olunub ki, narçılığın stimullaşdırılması, istehsal olunan nar məhsullarının potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, nar və nar məhsullarının potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib. Bununla yanaşı, nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə həmin məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, xarici bazarlarda satış potensialı barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR