Boksçularımız Ukraynadan 5 medalla qayıdırlar

Boksçularımız Ukraynadan 5 medalla qayıdırlar
# 02 iyul 2012 13:17 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının şərəfinə həsr olunmuş gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 14 ölkənin 150-ə yaxın dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.

Turnirə məşqçilər Vidadi Tağıyev və Natiq Talıbovun rəhbərliyi altında yollanan Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. 52 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məlikov bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəsrəddin Məmmədov (56 kq) yalnız finalda uduzaraq, gümüş mükafata layiq görülüb.

Daha 3 boksçumuz – Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq) və Sadiq Səmədov (91 kq) isə yarışı 3-cü yerdə başa vurublar. Boksçularımız ümumkomanda hesabında 4-cü yeri tutublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR