2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,8 milyard ABŞ dollarını ötüb.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.
Təkcə avqust ayında qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 13% artaraq 350,8 milyon ABŞ dollarına çatıb.
Avqustda yeyinti məhsullarının ixracı 80,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsullarının ixracı isə 11,4% artaraq 251,1 milyon ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar-avqust aylarında şəkər ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay ixracı isə 12,1% artıb.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 19,2% artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 22,1% artaraq 255,8 milyon ABŞ dolları olub.
Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9% artaraq 987,8 milyon ABŞ dollarına çatıb.