Bank Of Baku

Sezai Uçarmak: Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzitin sadələşdirilməsi yeni investisiya imkanları yaradacaq

Sezai Uçarmak: Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzitin sadələşdirilməsi yeni investisiya imkanları yaradacaq
# 28 sentyabr 2026 12:54 (UTC +04:00)

Əsas məqsədlərimizdən biri Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində gözləmələrin aradan qaldırılması və beynəlxalq standartların bu ölkələr tərəfindən tətbiq olunaraq ticarət və tranzit proseslərinin asanlaşdırılması üçün lazımi infrastrukturun yaradılmasıdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak Göygöl rayonunda keçirilən "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası"nda jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün üç ölkənin gömrük idarələrinin rəhbərləri olaraq beşinci toplantımızı keçiririk. Bu üç ölkə beynəlxalq tranzit və qonşuluq münasibətləri çərçivəsində, eyni zamanda Şərq-Qərb ticarətində çox mühüm mövqeyə malikdir. Ona görə də bu toplantını çox önəmli hesab edirik. Hər toplantıda bu məsələləri müzakirə edirik. Əsas məqsədlərimizdən biri tranzit prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində gözləmələrin aradan qaldırılması və beynəlxalq standartların bu ölkələr tərəfindən tətbiq olunaraq ticarət və tranzit proseslərinin asanlaşdırılması üçün lazımi infrastrukturun yaradılmasıdır", - o qeyd edib.

Sezai Uçarmakın sözlərinə görə, Gürcüstanda, Azərbaycanda və Türkiyədə avtomobil yolları, dəmir yolları və dəniz nəqliyyatı infrastrukturu istiqamətində ciddi investisiyalar həyata keçirilir: "Biz bunu aydın şəkildə görürük. Mən zaman-zaman Gürcüstana səfər etdikdə yollardakı inkişafı müşahidə edirəm. Azərbaycanda da infrastruktur sahəsində eyni inkişafın şahidi oluruq".

"Burada bir məqamı qəbul etmək lazımdır: Qərbdə istehlak var, Şərqdə isə istehsal həyata keçirilir. Təbii olaraq, bu istiqamətdə ciddi yük və mal hərəkəti mövcuddur. Lakin üzərində yerləşdiyimiz coğrafiyada, yəni Orta Dəhliz adlandırdığımız marşrutda hazırda ümumi tranzit tutumu kifayət qədər aşağıdır. Əgər infrastruktur daha da inkişaf etdirilərsə, prosedurlar sadələşdirilərsə və bütün proseslər bir-biri ilə uyğunlaşdırılaraq vahid sistemə gətirilərsə, biz bu tranzit trafikinin daha da artacağına inanırıq. Bunu yalnız daşımalar baxımından qiymətləndirmirəm. Bu proses eyni zamanda yeni investisiyaları da hərəkətə gətirəcək. Çünki mal ticarətinin belə bir xüsusiyyəti var: yalnız bir nöqtədən malı götürüb başqa bir nöqtəyə daşımaqla böyük iqtisadi dəyər yaratmaq mümkün deyil.İşin yalnız daşınma hissəsindən gəlir əldə etmirsiniz. Əgər həmin malı başqa bir məhsula çevirirsinizsə, onun emalını həyata keçirirsinizsə, əlavə gəlir də əldə edirsiniz. Ölkələr də əslində bunun fərqindədir", - o vurğulayıb.

Sezai Uçarmak bildirib ki, investisiya mühitinin yaxşılaşdırılması və müxtəlif layihələrin həyata keçirilməsi yeni investorların cəlb olunmasına imkan yaradır:

"Azərbaycan Şərq-Qərb dəhlizində mühüm bir körpü rolunu oynayan ölkədir. Xəzərdən keçid isə böyük ölçüdə Qazaxıstan və Türkmənistan kimi ölkələrlə əlaqəlidir. Təbii olaraq, Xəzər üzərindən keçidin də asanlaşdırılması lazımdır. Bütün ölkələrdə gördüyünüz kimi, investisiya mühiti yaxşılaşdırılır, müxtəlif layihələr həyata keçirilir, dünyanın müxtəlif yerlərindən investorlar cəlb olunur. Lakin qəbul etmək lazımdır ki, haradasa investisiya qoymaq üçün ilk növbədə imkan və gəlirlilik olmalıdır. Gömrük prosedurlarında və digər proseslərdə də məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. “Kiçik olsun, mənim olsun” yanaşması ilə heç kim investisiya qoymaz. Əgər yanaşma “böyük olsun, bütün ölkələr qazansın, əməkdaşlıq etdiyiniz ölkələr də bundan fayda əldə etsin” prinsipi üzərində qurularsa, o zaman yeni imkanlar yaranır.Biz bunu çox aydın şəkildə görürük. Bu ölkələrdəki prosesləri — Gürcüstanı, Azərbaycanı və İranı çox yaxından izləyirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR