Rusiyanın Orenburq vilayətində azərbaycanlı iş adamının qətli ilə bağlı yeni faktlar ortaya çıxıb

Rusiyanın Orenburq vilayətində azərbaycanlı iş adamının qətli ilə bağlı yeni faktlar ortaya çıxıb
# 22 yanvar 2014 09:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Orenburq vilayətində qətlə yetirilən azərbaycanlı iş adamının cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, 29 yaşlı Azərbaycan vətəndaşı Ruzi Sarıyevin qisas məqsədilə öldürüldüyü bildirilir.

Hadisə yanvarın 1-dən 2-nə keçən gecə Orenburq vilayətinin Qay rayonunda yerləşən “Ray” klubunda baş verib. Klubun sahibi Ruzi Sarıyev bıçaqla öldürülüb. Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, 23 yaşlı adı açıqlanmayan şəxs tərəfindən bıçaqlanan R.Sarıyev ağır yaralı halda Qay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qətlin qisas məqsədilə törədildiyi bildirilir. Belə ki, keçən ilin noyabrında klubda dava düşüb və azərbaycanlı sahibkar R.Sarıyevə maddi ziyan dəyib. R.Sarıyev ona ziyan vuran dörd nəfər şəxsi məhkəməyə verib. Məhkəmə onların cinayət işinə baxaraq, klubda xuliqanlıq tərədən şəxslər barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb. Həmin şəxslər müvafiq olaraq 8 aydan 5 ilə qədər azadlıqdan məhrum ediliblər. Qay rayonunun yerli sakinlərinin həbs olunması faktının Ruzi Sarıyevin qisas məqsədilə öldürüldüyünə əsas verdiyi qeyd edilir.

Lakin istintaq bu versiyanı düzgün saymır. İstintaqın versiyasına görə, cinayət hadisəsi gözlənilmədən baş verib. Bayram və istirahət günlərində kluba giriş ödənişli olduğundan, qətli törədən gənc 100 rubl məbləğində pulu verməkdən imtina edib. Sərxoş vəziyyətdə olan 23 yaşlı Qay sakinini klubdan çıxarmağa çalışan R. Sarıyev gözlənilmədən boyun nahiyəsindən bıçaq zərbəsi alıb. Ona görə də istintaq qətlin məişət zəminində törədildiyi versiyasını düzgün sayır.

Qətli törədən şəxsin artıq həbs olunduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR