MDB gənc ekoloqları Qafqazın ən böyük tullantıların emalı zavodunda olublar

MDB gənc ekoloqları Qafqazın ən böyük tullantıların emalı zavodunda olublar
# 19 dekabr 2013 12:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda MDB-nin üzv ölkələri gənclərinin “Bir birimizdən öyrənirik” mövzusunda beynəlxalq ekoloji forumu öz işinə başlayıb.

“Təmir şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, forum çərçivəsində tullantıların idarə edilməsi geniş müzakirə olunub.

Forumun ikinci günü “Təmiz Şəhər” ASC-nın Layihələrin İdarəedilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov forumun tullantıların idarəedilməsi prosesinə həsr edilmiş panelində təqdimat ilə çıxış edərək iştirakçılara paytaxtda tullantıların idarə edilməsi üzrə dövlət dəstəyi və yaradılmış infrastruktur, Cəmiyyətin qısa zamanda nail olduğu uğurlar haqqında məlumat verib. Görülmüş işlər tədbir iştirakçılarının böyük marağına səbəb olub və bu infrastruktur layihələri ilə əyani tanış olunması qərara alınıb.

Forumun son günü isə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Rusiya və s. ölkələrdən olan nümayəndələr Balaxanı qəsəbəsində yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarında iş prosesi ilə yaxından tanış olublar.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında forum iştirkçıları üçün müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunub. "Təmiz Şəhər" ASC-nin nümayəndəsi qonaqlara zavodun iş prinsipi barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Sonra onlar zavodun idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsilə zavodun iş prosesini onlayn rejimdə izləyiblər. Məlumat turu çərçivəsində forum iştirakçılarına zavodda tullantıların çeşidlənməsi prosesi barədə haqqında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılar çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi prosesini izləmək məqsədilə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Zavodun iclas otağında zavodun fəaliyyəti haqqında film nümayiş etdirildikdən sonra, "Təmiz Şəhər" ASC və zavodun nümayəndələri onları maraqlandıran sualları cavablandırıblar. Zavodun idarəetmə otağında monitorlar vasitəsilə tullantıların yandırılması prosesini izləyərkən iştirakçılara zavodun iş mexanizmi ətraflı şəkildə izah edilib.

Xatırladaq ki, “Bir birimizdən öyrənirik” mövzusunda MDB ölkələri gənclərinin beynəlxalq forumunun başlıca məqsədi Azərbaycanda və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya münasibətdə məsuliyyətini daha da artırmaqdır.

Qeyd edək ki, "Bir-birimizdən öyrənirik!" MDB ölkələri gənclərinin beynəlxalq ekoloji forumu Gənclər və İdman Nazirliyi, İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR