DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
# 22 yanvar 2014 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə keçirilən müşavirədə çıxış edən nazir son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, demokratik dəyərlərin möhkəmlənməsinin, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsinin bütövlükdə DİN-in və onun orqan və hissələrinin, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də üzərinə mühüm tapşırıqlar qoyduğunu, ümumən onların öhdəsindən layiqincə gəlindiyini xatırladıb. Ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edən R. Usubov bu işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd edib, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib.

Daha sonra Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, ötən il istehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunublar. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilib.

Məruzəçi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da etiraf edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.

Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətini ümumən yüksək qiymətləndirib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR