Dünyanın ən böyük neft-kimya istehsalçısı Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir

Dünyanın ən böyük neft-kimya istehsalçısı Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir
# 13 dekabr 2013 15:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd əl-Osman və Şahzadə Saud bin Xalid əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində təmsil olunan iş adamları yerli şirkətlərlə bir sıra görüşlər keçiriblər.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşlərdən biri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində “Sabic” şirkətinin nümayəndəsi Riyad Almodleylə keçirilib.

Görüşdə qonağa Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat xidmətin təşkilini təmin edəcək. Sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması nəzərdə tutulur.

“Sabic” şirkətinin nümayəndəsi R.Almodley təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, şirkət dünyada kimyəvi maddələr, gübrə, plastik və metalların aparıcı istehsalçılarından biridir. Dünyanın 40 ölkəsində nümayəndəliyi olan “Sabic” şirkəti ən böyük neft-kimya istehsalçıları arasında yer alır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və xaricdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir. Xarici investorların parka göstərdiyi marağın nəticəsidir ki, artıq sənaye parkına 20-dən çox investisiya layihəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR